14:58 12-07-2020
news_image
201
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığmasına rəqib tapmır – FİDE

İlk dəfə keçiriləcək şahmat üzrə FİDE Onlayn Olimpiadasına qeydiyyat müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, qarışıq komandalarla yarışa qatılacaq milli federasiyalara iyulun 16-dək vaxt verilib.

Hərçənd, öncədən müraciət üçün son tarix ayın 13-ü idi. FİDE qeydiyyat müddətini üç gün artırmağın səbəbini açıqlamasa da, bunun müraciətlərin sayının azlığı ilə bağlı olduğu görünür. Çünki qurum federasiya prezidentlərinə şəxsi elektron ünvanlarına müraciət edərək qeydiyyat şərtlərini göndərib.

İştirakçıların sayının az olması müraciət edənlərin, o cümlədən Azərbaycan yığmasının daha yüksək divizionda çıxış və şanslarına müsbət təsir göstərir. Hələlik yarışa qatılması təsdiqlənən millilərə rəqib tapmaqda çətinlik çəkən FİDE iyulun 16-da qitələr üzrə bölgünü, iki gün sonra tam siyahını açıqlayacaq.

Qeyd edək ki, avqustun 22-30-da keçiriləcək Olimpiadanın 5 divizionda təşkil olunması planlaşdırılıb. Bunlar Top, II, III, IV və Baza divizionlarıdır. Lakin iştirakçı sayının azlığı aşağı dəstələrin ləğvinə səbəb ola bilər.