22:39 12-07-2020
news_image
349
FUTBOL

Fatih Terimden üsyan - Baş məşqçiləri bir yerə topladı

Super Liqada çempion titulunu qazanmaq şansını əldən verən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim həmkarlarını bir araya toplayıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə yalnız Hüseyin Cimşir iştirak etməyib.

Terim legioner sayına limitin tətbiq olunmasına qarşı çıxdıqlarını bəyan edib. Təcrübəli mütəxəssislər təşəbbüskarlarından olduğu 14 legioner qaydasının dəyişdirilməsi ilə bağlı Türkiyə Futbol Federasiyasına etirazını gizlətməyib: “Legioner qaydası barədə bizimlə heç danışılmayıb. Ölkə xaricində belə olmayan bir modelə keçildi. Bu yolla türk futbolunun inkişafı düşünülür. Amma problem təkcə legioner limitində deyil. Hər hansı birliyimiz olmadığından təsir qüvvəmiz yoxdur. Amma belə qərar alınanda türk məşqçilərlə mütləq danışılmalı idi. Türkiyədə 90 faizin qarşı çıxdığı qərara kim imza atır ki?”.

Qeyd edək ki, qarşıdakı üç mövsümdə limitin ildən ilə sərtləşməsi qərara alınıb. 2020/21 mövsümündə sifariş oluna biləcək 14 legionerdən biri 1996 və daha kiçik təvəllüdlü olmalıdır. Meydanda isə yalnız 8 əcnəbi yer ala bilər. Həmçinin hər matçda klubun yetirməsi olan 1998 və daha kiçik təvəllüdlü bir futbolçu sifariş edilməlidir. 2021/22 mövsümündə ən çoxu 12 legioner sifariş ediləcək, onlardan biri 1998-ci il və daha kiçik olmalıdır. Meydanda isə 7 legioner ola bilər. Həmçinin “11-lik”də klubun 2000-ci il və daha kiçik yetirməsi oynamalıdır. 2022/23 mövsümündə cəmi 10 əcnəbi sifariş oluna bilər. Onlardan biri 2000-ci il və daha kiçik olmalıdır. Meydanda 6 əcnəbi ola bilər ki, “11-likdə 2002-ci il təvəllüdlü klub yetirməsi də yer almalıdır.