09:00 13-07-2020
news_image
379
FUTBOL

"Bakının gözəlliyi məni səssiz qoyub" - Canni de Byazi

"Azərbaycan böyüyən ölkədir, futbolda da gələcəyə dair nikbinlik var".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi deyib.

Ölkəsinin mətbuatına danışan italiyalı mütəxəssis AFFA ilə aparılan danışıqların gedişi barədə məlumat verib: "Təklif ciddi olduğu, eyni zamanda yerli assosiasiya rəhbərləri etibarlı olduqlarını sübut etdikləri üçün bu seçimi etdim. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq. Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".

64 yaşlı çalışdırıcı paytaxt Bakı barədə ağızdolusu danışıb və qarşıya qoyulan hədəfdən söz açıb: "Bakı möhtəşəm şəhərdir. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdir, 2 milyon əhalisi var və Xəzər dənizi sahilindədir. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiniz. Bu, həqiqətən də, sehrdir. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdır, İstanbula getməli, oradan Bakıya yollanmalısınız. AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu, Qətərdə keçiriləcək DÇ-2022-yə aparan yoldur. Biz də üzərimizə düşəni etməyə çalışacağıq".