12:09 15-07-2020
news_image
128
FUTBOL

"Sumqayıt"a qayıtmaq variantına "yox" demədi - Bəxtiyar Həsənalızadə

"Zirə"dən ayrıldığımı hələ tam deyə bilmərəm".

Bunu apasport.az saytına "Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

Bakı klubu ilə müqavilə müddəti başa çatan 28 yaşlı futbolçu gələcəyi ilə bağlı hələ qərar vermədiyini söyləyib. O, "Zirə"dən yeni müqavilə təklifi almadığını da vurğulayıb: "Yaranmış vəziyyətlə əlaqədar hələlik sakitlikdir. Hansısa klubdan rəsmi təklif gələrsə, danışıq aparmağa hazıram. Düzdür, ötən mövsümün qış hazırlığını əvəzedicilərdə keçirdim. Amma cəmi bir oyundan sonra əsas komandaya qoşuldum. Belə hallar futbolda tez-tez olur. Sırf buna görə "Zirə"dən ayrılacağam" demək düz olmaz. Klubla bağlı hansısa narazılığım yoxdur".

Həsənalızadə sabiq klubu "Sumqayıt"a qayıtmaq ehtimalına da münasibət bildirib: "Təbii ki, ola bilər. Sumqayıt doğma şəhərimdir. Orada oynadığım hər oyuna görə çox şadam".

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə "Zirə"yə ötən ilin yanvarında "Sumqayıt"dan keçib. Müdafiəçi 2019/20 mövsümündə 11 oyunda iştirak edib.