13:06 15-07-2020
news_image
1416
FUTBOL

Ansi Aqolli: “De Byazi ilə danışmışam” - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Albaniya millisinin keçmiş kapitanı vaxtilə rəhbərliyi altında çıxış etdiyi Canni de Byazinin Azərbaycan millisinin baş məşqçisi postuna təyinatını dəyərləndirib.

- Albaniya yığmasının keçmiş baş məşqçisi Canni de Byazi Azərbaycan millisinə təyin olundu. Bunu necə qarşıladınız?
- Bu xəbər məni təəccübləndirmədi. Sadəcə, pandemiya ilə bağlı yaranan indiki şərtlər səbəbindən Azərbaycana getmə fürsətini necə tapacağını düşünürəm.

- İstanbuldan xüsusi reys var...
- Anlayıram. O zaman hər şey yolundadır.

- De Byazi haqda nə düşünürsünüz?
- Bir müddət əvvəl onunla danışmışam. De Byazidə hansısa dəyişikliyin olduğunu düşünmürəm.

- Yalnız Azərbaycan yığmasına namizəd idi?
- Əslində Canni Azərbaycan üçün əla seçimdir. Çox yaxşı məşqçi və işini bacaran insandır. Ona inanmaq lazımdır.

- De Byazi Azərbaycan millisi ilə uğur qazana bilər?
- Sizə deyim ki, fövqəladə mütəxəssisdir. Xüsusilə sözdə kiçik komandalar üçün. İşləməyə ac adamdır.

- Albaniyada Azərbaycan futbolunu sizdən daha yaxşı tanıyan yoxdur. De Byazi sizi məşqçi korpusuna dəvət etsə, razılaşarsınız?
- Hələ bilmirəm. "Nyu York Kosmos"la yeni müqavilə bağladım və daha bir mövsüm oynayacağam. Həmçinin sentyabrda öz akademiyamı açmağı planlaşdırıram. Bir sözlə, mənim üçün bir çox öhdəlik dövrüdür.

- De Byazinin rəhbərliyi altında Albaniya yığmasında 6 il oynamısınız. Onun xüsusiyyətləri necədir?
- İşində məsuliyyətli insandır və aydınlığı sevən məşqçidir. Bir daha vurğulayram ki, Azərbaycan tərəfinin baş məşqçi vəzifəsini de Byaziyə həvalə etməsi təəccüblü deyil.

- De Byazi 5 illik fəaliyyətdən sonra Albaniya yığmasını Avropa çempionatına daşıdı. Eyni uğuru Azərbaycan yığmasında təkrarlaya bilər?
- Təsnifat mərhələsi ilə bağlı proqnoz vermək indi çətindir. Xüsusən də, pandemiya dövründə. Ancaq Canni Azərbaycan kimi komandalarda əla işləyir.

- De Byazi Albaniyaya rəhbərlik edən dövrdə yığmanın xaricdə oynayan futbolçuları var idi. O, Azərbaycan yığması ilə nəyi bacaracaq?
- Azərbaycanda "Qarabağ" və "Neftçi"də millidə oynamağın nə demək olduğunu bilən oyunçular var. Albaniya AVRO-2020-yə yollananda xüsusi ulduz futbolçumuz yox idi. Hamımız seçmə mərhələni keçəcəyimizə inandıq. Düşünürəm ki, Azərbaycanda belə oyunçular var. Bu, komandanı böyük turnirin final mərhələsinə çıxarmaq üçün kifayət edə bilər.