10:08 11-07-2008
news_image
430
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov keçmiş bakılı ilə heç-heçə oynayıb

Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirdə üçüncü turun oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov yenə heç-heçə oynayıb. Onun keçmiş bakılı, hazırda İsrailin şərəfini qoruyan Emil Sutovski ilə görüşü 20 gedişdən ibarət olub. Nəticədə 22 yaşlı şahmatçımız ardıcıl ikinci dəfə yarım xalla kifayətlənib. Hesabat turunda təkcə V.Həşimov deyil, bütün şahmatçılar xalları bölüblər. Dmitri Yakovenko (Rusiya) - Sergey Rublyovski (Rusiya), Van Xao (Çin) - Andrey Volokitin (Ukrayna), Viorel Baloqan (Moldova) - Aleksey Şirov (İspaniya) və Ernesto İnarkiyev (Rusiya) - Aleksandr Onişuk (ABŞ) görüşləri heç-heçə nəticələnib. Ümumiyyətlə, son iki turda, yəni 10 oyunda qələbə qeydə alınmayıb. Aktivində 1 xal olan V.Həşimovun mövqeyi dəyişməyib. O, E.İnarkiyev və A.Volokitinlə birgə 8-10-cu yerləri bölüşdürür. Bu gün həmvətənimiz ağ fiqurlarla A.Onişuku sınağa çəkəcək.