11:11 16-07-2020
news_image
3517
FUTBOL

“Onu futbolumuza calayanlar bu sahədən getməlidirlər” - Ramazan Abbasov

"Ruslan Qurbanovun pulunu ala bilmədiyi və özünə yeni klub tapmaq üçün Azərbaycan vətəndaşlığından imtina etmək istədiyini eşidəndə əsəbləşdim".

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov deyib.

"Keşlə"dən ayrılan hücumameyilli oyunçu Ruslan Qurbanovun ölkəsi Rusiyaya qayıtmaq və Azərbaycan vətəndaşlığından imtina etmək variantına münasibət bildirən 37 yaşlı keçmiş yarımmüdafiəçi həm futbolçunun özünü, həm də onu ölkəmizə gətirənləri futbol funksionerlərini tənqid edib.

Abbasovun sözlərinə görə, milliləşdirilməyə son qoyulmalıdır: "Belə futbolçunu Azərbaycana gətirənləri, ona dəstək verənləri heç cür anlamıram. Xalqı, milləti sevməyən adamı gətirib millidə oynadırlar, dara düşən kimi də qaçır. Pula görə millidən imtina edir. Sən heç milliyə gəlməməli idin. Günah onu gətirəndədir. Bilmək olmaz o birilər sabah nə deyəcəklər. Milliləşən futbolçu bu gün belə danışırsa, sabah ölkəsinə gedəndə hər şeyi açacaq. Belələri kimlərinsə kadrlarıdır, yığıb gətirirlər. Bu məsələni dövlət səviyyəsində araşdırmaq lazımdır. Şəxsən mən Ruslan Qurbanovun müsahibəsini oxuyanda utandım. Gör necə adamları gətiriblər? Belələrini futbolumuza calayanlar bu sahədən getməlidirlər".

Qeyd edək ki, "Rostov"un yetirməsi olan Ruslan Qurbanovun ölkəmizdə ilk klubu "Neftçi" olub. 2010-cu ildə "flaqman"la anlaşan 29 yaşlı futbolçu "Sumqayıt", "Qəbələ", "Səbail" və "Keşlə"nin də formasını geyinib.