12:39 16-07-2020
news_image
417
FUTBOL

"Qəbələ"də ayrılıq - müdafiəçinin özü açıqladı

"Qəbələ"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İvitsa Juniç bölgə təmsilçisi ilə yollarını ayırıb.

Bunu əməkdaşımızla söhbətində xorvatiyalı futbolçu özü deyib. 32 yaşlı mərkəz müdafiəçisi "Qəbələ" ilə müqavilə müddətinin başa çatdığını və klubdan ayrıldığını söyləyib.

Arxa xətt oyunçusu karyerasını harada davam etdirəcəyini hələlik dəqiqləşdirməyib. Onun ölkəmizə qayıtmaq ehtimalı da var. Çünki Premyer Liqanın digər təmsilçiləri də Juniçin xidmətində maraqlıdır.

Bununla İvitsa Juniç "Qəbələ"dən ayrıldığı təsdiqlənən 4-cü oyunçu olub. Ona qədər Amin Seydiyev, Samir Məhərrəmli və İdris İnqilablı "Sabah"a keçib.

Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"yə "Atırau"dan keçən İvitsa Juniç Premyer Liqada 17 matçda iştirak edib, 2 qola imza atıb.