10:11 17-07-2020
news_image
942
FUTBOL

Autsayder komandada 3 mövsümə 22 oyun, 0 qol - "Neftçi"nin yeni vingeri

Yay fasiləsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Neftçi"nin ilk əcnəbi transferi Yusuf Laval olub.

Apasport.az saytının məlumatına görə, ön xətdə çıxış edən Vangelis Platellas, Baqali Dabo və Dario Frederikonu yola salan Bakı klubu yaranan boşluqlardan birini nigeriyalı ilə doldurub.

Bəs 22 yaşlı Laval adları sadalanan 3 futbolçudan hansısa birini əvəz edəcək gücdədirmi? Ölkəsində "36 Lion" klubunun yetirməsi olan sağ cinah vinger Avropaya erkən yaşda - 2017-ci ildə yollanıb. Həmin vaxtdan Belçikada "Lokeren" klubunun formasını geyinən futbolçunun elə böyük xeyir verdiyini söyləmək olmaz.

Laval 2017-ci ildə "Lokeren"ə keçəndə komanda yüksək liqada çıxış edirdi. İlk mövsümün əsas mərhələsində kənarda qalan ön xətt oyunçusu yalnız elitada qalmaq uğrunda pley-off matçlarında meydanda olub. Avropa Liqasına vəsiqə uğrunda pley-off görüşü ilə birlikdə ümumilikdə 7 matçda iştirak edib, bunun yalnız birində 90 dəqiqə meydanda qalıb.

2018/19 mövsümündə futbolçu cəmi 2 oyunda şans qazanıb. Yüksək liqanın "Şarlerua" və "Ostende" ilə qarşılaşmalarında ümumilikdə 22 dəqiqə mübarizə aparıb və mövsümün sonunda axırıncı yeri tutan "Lokeren" aşağı liqaya yuvarlanıb.

Laval geridə qalan mövsüm birinci divizionda daha çox şans əldə edib. Xüsusən də, ötən ilin dekabrından etibarən müntəzəm əsas heyətdə çıxış etməyə başlayıb. Aşağı liqada ümumilikdə 13 qarşılaşmada yer alıb, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ancaq "Lokeren" burada da mövsümü sonuncu pillədə tamamlayıb.

Üç il ərzində ümumilikdə 22 dəfə "Lokeren"in formasını geyinən nigeriyalı futbolçu hələ də peşəkar karyerasında qol hesabını aça bilməyib. O, həmin 22 matçın yalnız 10-da 90 dəqiqəni əvəz edilmədən keçirib ki, bunun 9-u aşağı liqada olub.

Qeyd edək ki, "Neftçi" ilə 2+1 illik müqavilə imzalayan Yusuf Laval hücumun sağ və sol cinahlarında çıxış etməyi bacarır.