21:19 19-07-2020
news_image
2160
FUTBOL

"Qarabağ"ın 27 yaşlı təcrübəsiz transferi - Rəşad Sadıqovu əvəz etməlidir

"Qarabağ"ın yeni transferi Kevin Medina yay fasiləsində ölkə xaricindən Azərbaycana köçən 3-cü futbolçu olub.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun uzun sürən danışıqlardan sonra heyətinə qatdığı kolumbiyalı futbolçunun karyerası heç də xoş gələcək vəd etmir.

Peşəkar futbola Portuqaliyada başlayan mərkəz müdafiəçisinin ilk komandası "Naval" olub. 21 yaşında bu komandada debüt edən Medina Portuqaliyanın yarı peşəkar səviyyədə olan 3-cü liqasında mübarizə aparıb. Daha sonra həmin liqanın digər klubu "Moura"ya keçib, orada da 2 mövsüm çıxış edib.

"Sintrense" və "Pilhalnovense"nin hərəsində 6 ay keçirən arxa xətt oyunçusu 2018-ci ilin yayında ikinci liqa təmsilçisi "Akademika Viseu" ilə anlaşıb. Burada artıq əsas heyətin əvəzedilməz oyunçusuna çevrilib. Mövsümü 11-ci pillədə bitirən "Akademika Viseu"nun heyətində 34 görüşdə meydana çıxan "Qarabağ"ın transferi 1 qol, 1 assistlə yanaşı, 9 sarı, 1 qırmızı vərəqə ilə də yadda qalıb.

Ancaq Medina orada da çox qalmayıb. Cəmi bir mövsümün ardından həmin liqanın digər iştirakçısı "Çaves"ə üz tutub. Geridə qalan mövsüm 22 oyunda iştirak edib, yenə 1 qol və 1 qırmızı vərəqə ilə diqqət çəkib.

"Qarabağ"la 3 illik müqavilə imzalayan Kevin Medina artıq 27 yaşı olmasına baxmayaraq, indiyə qədər nə yüksək liqada, nə də avrokubokda debüt edib. Futbolçu hər iki təcrübəni ilk dəfə məhz "Qarabağ"ın heyətində yaşamağa hazırlaşır. Bu mənada onun sabiq kapitan Rəşad Sadıqovu layiqincə əvəz etməsi o qədər də inandırıcı görünmür.

Qeyd edək ki, bu yay ölkə xaricindən Azərbaycana köçən digər futbolçular hələlik "Neftçi"nin transferləri Yusuf Laval və Sabir Buqrindir.