21:28 19-07-2020
news_image
1753
FUTBOL

Türkiyədən gələn dəvəti qəbul etmədi - Qurban Qurbanov

Qurban Qurbanov növbəti mövsümdə də "Qarabağ"ı çalışdıracaq.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, o, Türkiyə Superliqasına vəsiqə qazanan "Hatayspor"un təklifini geri çevirib.

Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, sonda istəyinə çatmayıb.

Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilmişdi.

"Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və Superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirilir.

Bu, Super Liqa səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciət idi. Türkiyənin yüksək elitasında klub çalışdıran sonuncu həmyerlimiz Ruslan Abdullayev olub. O, 2000-ci illərin əvvəlində "Erzurumspor"un sükanı arxasına keçib və səfərdə "Qalatasaray"a 0:7 hesablı məğlubiyyətdən sonra istefa verib.

Qurban Qurbanov 13 ildir çalışdığı “Qarabağ”ı yarı yolda buraxıb getməyi özünə sığışdırmayıb. Baxmayaraq ki, Super Liqanın debütantı ona uzunmüddətli müqavilə və illik olaraq 500 min avronun üstündə maaş təklif edib.

Lakin təcrübəli mütəxəssis komandada qalacağını söyləyib: “Klubumun rəhbərliyi mənə həmişə dəstək olub. Mən bunu heç vaxt itirə bilmərəm. Onlar “get” deməyənədək, burada qalıb işimi davam etdirəcəm”.