11:17 20-07-2020
news_image
628
FUTBOL

Buqrini ÇFR-in futbolçusundan üstün tutdu - "Neftçi"

Yay transfer dönəmində "Neftçi"yə təklif edilən daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, norveçli Harmet Sinqdən sonra Rumıniyanın ÇFR klubunun yarımmüdafiəçisi Yakuba Sillanın da "ağ-qaralar"a keçmək variantı olub.

Mali millisinin sabiq üzvü özü də karyerasını "Neftçi"də davam etdirmək istəyini gizlətməyib. 30 yaşlı orta sahə oyunçusunun ÇFR-lə müqavilə müddəti 2022-ci ilin yayına qədər olsa da, klubun ona borcu olduğu üçün istədiyi vaxt azad agent statusu ala bilər.

"Flaqman" "hə" cavabını versəydi, bu keçid havayı başa gələcəkdi. Sillanın "Neftçi"dən tələbi isə illik 150 min dollar olub. Lakin bakılılar "Düdelanj"ın yarımmüdafiəçisi Sabir Buqrinə üstünlük verərək, Silladan imtina ediblər. 

Qeyd edək ki, 2013-2017-ci illərdə Mali yığmasının heyətində 34 matçda iştirak edən Yakuba Silla karyerası ərzində "Klermon", "Aston Villa", "Kayseri Erciyesspor", "Renn", "Monpelye", "Panatinaikos", "Mexelen" və "Stromsqodset" klublarında çıxış edib. Yarımmüdafiənin və müdafiənin mərkəzində oynamağı bacaran futbolçu ötən ildən ÇFR-in formasını geyinir.