12:29 22-07-2020
news_image
284
DİGƏR NÖVLƏR

“Bunları deməsəm, çox ədalətsiz mövqe tutmuş olaram” - Rövşən Binnətli

"Son testin nəticəsi neqativ çıxdığı üçün evə buraxıldım. Daha iki həftə karantin şəraitində olmalıyam. Xəstəxanadan çıxan hər kəs bu barədə öhdəlik götürdüyünə dair sənəd imzalayır. Məndə bu müddət gələn həftənin sonu başa çatacaq".

Bunu apasport.az saytına bir müddət əvvəl koronavirus infeksiyasına yoluxan "İdman TV"nin direktoru Rövşən Binnətli deyib.

Artıq sağalaraq evə buraxılan tanınmış idman jurnalisti səhhəti ilə bağlı heç bir şikayətinin qalmadığını söyləyib: "İlk günlərdə, xüsusən də, 3-4 gün çox ciddi narahatlığım oldu. Həkimlərin bildirdiyinə görə, vəziyyətim orta-ağır idi. Məndə bədənin müalicələrə reaksiyası çox yaxşı oldu. Sonradan yavaş-yavaş xəstəlik səngidi. Ardından yaxma götürüldü və cavabı neqativ çıxdığı üçün həkimlər bildirdilər ki, əsas problemlər geridə qalıb. İndi hər şey yolundadır. Müalicədən bəzi prosedurlar qalıb ki, onların icrası ilə məşğulam. Ola bilsin ki, 1-2 aydan sonra ağ ciyərlərimi yoxlatdırdım. Bu da özümü necə hiss etməyimdən asılı olacaq".

Binnətli tibb işçilərinin xəstələrə olan münasibətindən razılıqla danışıb, onların həyatlarını ortaya qoyduqlarını deyib: "13 gün "İnter Arena"nın yanında yerləşən klinikada qaldım. Oradakı tibbi personalın hər biri böyük əziyyət çəkir, risk altındadır. Buna baxmayaraq, xəstələrin sağalması üçün özlərini fəda edirlər. Onların fədakarlığını qeyd eləməmək insafsızlıq olar. Cənab Prezident də dedi ki, həkimləri ayaq üstə alqışlayıram. Amma bəziləri bunu həkimlərin vəzifə borcu hesab edirlər və adi yanaşırlar. İnsan o şəraitə düşəndə, tibb adamlarının fədakarlığını, təmənnasız qayğıkeşliyini görəndə anlayır ki, onları ayaq üstə alqışlamaq da hələ az imiş. Azərbaycan, bəlkə də, yeganə dövlətdir ki, xəstələrə bu cür təmənnasız xidmət göstərilir. Bu, gəlişi gözəl sözlər deyil. İçimdən gələn, ruhumun mənə diktə etdiyi həqiqətlərdir. Çünki bunları deməsəm, çox ədalətsiz mövqe tutmuş olaram. Hər birinin xidməti qarşısında baş əyməyə dəyər".

Rövşən Binnətli onunla eyni vaxtda koronavirusa yoluxduğu aşkarlanan digər tanınmış idman jurnalisti Fikrət Adıgözəllinin də sağalaraq evə buraxıldığını bildirib: "Fikrət müəllim iyulun 20-də evə buraxılıb. Ondan alınan yaxmanın da cavabı mənfi çıxdı. Əlaqə saxlamışıq. Şükür Allaha, o da yaxşıdır, evdə karantin şəraitindədir".