10:39 23-07-2020
news_image
489
FUTBOL

Mükafat təqdim olunmasa belə, “üçlüy”ü açıqladı - “Qızıl top”un azərbaycanlı münsifi

“Daha əvvəl FIFA bu il üçün “The Best” mükafatını ləğv etsə də, qalibi dekabrda açıqlanan “Ballon d'Or”un, necə deyərlər, yaşayacağına ümid edirdim. Amma mükafatın təsisçisi “France Football” nəşri başqa qərar verdi”. 

Bunu apasport.az saytına 2000-ci ildən “Qızıl top”un münsiflər heyətinin üzvü, tanınmış jurnalist Rasim Mövsümzadə deyib. 

“Ballon d'Or”, yəni “Qızıl top” mükafatı təsis olunduğu 1956-cı ildən bəri ilk dəfə bu il təqdim olunmayacaq. Buna münasibət bildirən həmyerlimiz koronavirus pandemiyası səbəbindən atılan addıma təəssüf etdiyini bildirib: “AVRO-2020 və Amerika Kuboku kimi əsas futbol yarışlarının 2021-ci ilə təxirə salınması, dünyanın ən yaxşı futbolçusuna təqdim olunan mükafatların ləğv olunması və s. və i. a. 2020-ci ildə futbolun bu qədər əziyyət çəkdiyinə yalnız təəssüflənə bilərik…” 

O, bu qərardan ən çox hansı oyunçuların zərər gördüyünü də açıqlayıb: “Son zamanlar “Ballon d'Or”da bəzi ənənələr formalaşıb. Məsələn, 2009-cu ildən bəri mükafatı yalnız İspaniya La Liqasında çıxış edən futbolçular qazanır. 2019/20 mövsümündə çempion olan Madrid “Real”ının ən yaxşı oyunçuları kimi Serxio Ramos və Kərim Benzemanın adlarını çəkmək olar. İngiltərə Premyer Liqasında “ilin oyunçusu” seçilməyə əsas namizəd kimi göstərilən Kevin De Bruyneni (“Mançester Siti”) də qeyd etmək mümkündür.
Müvafiq olaraq, 33 və 35 yaşlarında yeni rekordlar müəyyənləşdirməyə davam edən Lionel Messi (“Barselona”) və Kristiano Ronaldo (“Yuventus”) kimi futbolçuları da unutmamalıyıq... Ancaq qeyd etdiyim oyunçularla müqayisədə son vaxtlar Robert Levandovski (“Bavariya”) “Ballon d'Or”un əsas favoriti hesab olunurdu. Məlum səbəbdən yaranmış fasiləyə baxmayaraq, bütün mövsüm boyu əla formada olan polşalı mükafatı qazanmağa ən real namizəd sayılırdı”.

“Ballon d'Or”un ənənələrindən də bəhs edən Mövsümzadə qeyd edib ki, 2007-ci ildən bəri, 2018-ci il istisna olmaqla (Luka Modriç), mükafat həmişə mövsüm ərzində UEFA Çempionlar Liqasında ən çox qol vuran oyunçuya qismət olub: “İndi 11 qolla bombardirlər yarışına liderlik edən Levandovskinin komandası “Bavariya” da bu mövsüm Çempionlar Liqasının əsas favoritlərindən biridir. Bundan əlavə, Bundesliqada mövsümü 34 qolla bitirən Levandovski A seriyasında çıxışlarını davam etdirən Kristiano Ronaldo və Ciro İmmobile (hər ikisi 30 qol) ilə birlikdə Avropanın “Qızıl buts” mükafatına əsas namizəddir ki, bu da vacib amildir. Hər halda, avqustda 32 yaşını qeyd edəcək Levandovski “Ballon d'Or”un ilk polşalı qalibi olmaq istəyini gələn ilə təxirə salmaq məcburiyyətində qaldı. “Qızıl top”un sahibi təqvim ilinin sonunda müəyyənləşir, jurnalistlər sorğunu noyabrın əvvəlində cavablandırırlar. Bu səbəbdən indi - iyul ayında 2020-ci ilin ən yaxşı oyunçuları haqqında danışmaq çətindir. Amma, məncə, belə bir ardıcıllıqla ilk üçlük maraqlı görünərdi: Robert Levandovski, Serxio Ramos və Kərim Benzema”.