11:52 23-07-2020
news_image
688
FUTBOL

Perspektivli, liderlik bacarığı və aqressiv – “Neftçi”nin yeni transferi

Əcnəbi transferlərində gəncləşdirmə siyasətinə üstünlük verən "Neftçi"nin yay fasiləsində ölkə xaricindən gətirdiyi üçüncü futbolçu Rener Alves de Souza olub.

Apasport.az saytının məlumatına görə, peşəkar karyerasının başlanğıcında olan braziliyalını "flaqman" üçün tapıntı saymaq olar.

Renerin cəmi 19 yaşı olduğundan, onun çox oyun keçirməməsi və yüksək liqalarda iştirak etməməsi normal haldır. O, "Fortaleza"da ötən ildən müntəzəm oynamağa başlayıb. Bu klubun əsas komandası ilə yanaşı, U-19 və U-20-sində də çıxış edib. Hətta U-20 ilə "Copa do Nordeste”nin qalibi olub. Keçən bir il ərzində 22 matçda iştirak edib ki, bu, heç də pis göstərici deyil.

Renerin hələlik iştirak etdiyi görüşlərdəki performansına görə ilkin fikir yürütmək olar. Oyunlarına əsasən demək olar ki, "Neftçi"nin bu futbolçunu Azərbaycana gəlməyə razı salması alqışalayiqdir. Çünki ilk baxışdan Renerin mərkəz müdafiəçisinə xas olan bütün komponentləri özündə birləşdirdiyini görmək mümkündür. Hər halda, potensialı daha səviyyəli çempionatlara uyğun görünür.

Ucaboylu və cüssəli görünməsinə baxmayaraq, sürəti heç də pis deyil. Həm "ikinci mərtəbə"də, həm də təkbətək mübarizələrdə olduqca cəsur görünür və əksər hallarda rəqibinə qalib gəlir. Gənc olmasına baxmayaraq, müdafiədə uğurlu yer seçimi onun üstünlüklərindən biri hesab edilir. Yüksək dağıdıcılıq keyfiyyəti ilə yanaşı, geridən oyun qurmaq xüsusiyyəti də var. Əsasən də, uzun ötürmələrdə olduqca uğurludur.

Renerdə liderlik bacarığı da sezilir. Qalib ayrıldığı epizodlardan sonra aqressiv davranışı istəkli olmasından xəbər verir. Ancaq bu, onun ziyanına da işləyə bilər. Çünki "sambaçı" həm də mübahisəyə meyilli futbolçu kimi görünür.

Bütün bunlar Renerlə bağlı yutubda yerləşdirilən videolara əsasən gəlinən qənaətdir. Azərbaycana və "Neftçi"yə uyğunlaşmaqda problem yaşamasa, rəqib hücumçularının qorxulu röyasına çevrilə biləcək potensialdadır. Hər halda, Yusuf Laval və Sabir Buqrindən daha uğurlu transfer kimi görünür. Ancaq özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək.

Qeyd edək ki, "Neftçi" ilə 2+1 illik müqavilə bağlayan Rener Alves de Souza 4 nömrəli formanı geyinəcək.