17:22 27-07-2020
news_image
4270
FUTBOL

“Qarabağ” rekorduna, “Neftçi” ONa həsrət qalıb

Avrokubokların 2020/21 mövsümündə Azərbaycan futbolsevərlərinin ümidləri püşkün klublarımızın üzünə gülməsinə bağlı olacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandalarımızın durumudur.

Məsələ ondadır ki, təmsilçilərimizin reytinqi hələ də səpələnmişlər sırasında möhkəmlənib aşağı reytinqli rəqib gözləməyə imkan vermir. Düzdür, ilk təsnifat mərhələləri istisnadır. Amma sonrası...

Avropadakı ən yaxşı təmsilçimiz “Qarabağ” yenə ilk iki raundda səpələnmişlərdən olacaq. Çempionlar Liqasının sonrakı iki mərhələsində isə Ağdam klubunu güclü rəqib gözləyəcək. Təbii ki, püşk üzümüzə gülərək münasib rəqib də verə bilər. Çox sayda sensasiyanın səbətin dəyişməsi ilə nəticələnməsi mümkündür. Amma bu daha çox möcüzəyə bənzəyir.

Avropa Liqasındakı klublarımızın durumu daha ağırdır. “Neftçi” yalnız I, “Keşlə” ən yaxşı halda I təsnifat mərhələsində səpələnmiş olacaq. Debütant “Sumqayıt” isə hər mərhələdə zəiflərin səbətində qərarlaşacaq. Bu, reytinqli komandalarla duellər vəd edir.

Klublarımızın səbəti onun UEFA əmsalı ilə müəyyənləşir. Uzun illər təmsilçilərimizin bu rəqəmi 1-dən də aşağı olub. Sonra xeyli müddət bu rəqəm ətrafında var-gəl etmişik. İnkişaf isə 2012-ci ildən sonra başlayıb.

Elə “Neftçi”nin qrupa düşdüyü 2012/13 mövsümündən sonrakı dövrdə klublarımızın püşkə hansı əmsalla çıxdığını nəzərdən keçirək. Bu il Çempionlar Liqasına 21,000 əmsalla başlayan “Qarabağ” ötən illə müqayisədə zəifləyib. Həmin rekord cəmi 1,000 xal artıqdır. Ümumiyyətə, ağdamlılar son 6 püşkatmada 10-dan, 3 püşkdə 20-dən yüksək əmsala malik olub.

“Qarabağ” 
2013/14 – 5,708
2014/15 – 7,575
2015/16 – 11,500
2016/17 – 13,475
2017/18 – 18,050
2018/19 – 20,500
2019/20 – 22,000
2020/21 – 21,000

“Neftçi”yə gəlincə, bakılılar heç 10 xal toplamağa müvəffəq olmayıblar. Paytaxt təmsilçisinin rekordu 9,725-ə bərabərdir. 

“Neftçi”
2012/13 – 2,241
2013/14 – 5,708
2014/15 – 7,075
2015/16 – 9,000
2016/17 – 9,725
2018/19 – 3,825
2019/20 – 3,800
2020/21 – 3,750

Qısa fasilədən sonra Avropaya qayıdan “Keşlə” qitə səhnəsinə ən çox çıxan klublarımızdandır. Bakılıların rekord göstəricisi 6,050-yə bərabərdir.

“Keşlə”
2012/13 – 2,491
2013/14 – 3,458
2014/15 – 4,325
2015/16 – 5,000
2017/18 – 6,050
2018/19 – 3,825
2020/21 – 3,750

Avrokubokların debütantı olan “Sumqayıt”ın öz reytinqi ümumiyyətlə yoxdur. Bu üzdən “Gənclik şəhəri” ölkənin əmsalına görə verilən xalla kifayətlənib. Elə “Keşlə” şəxsi əmsalı aşağı olduğu üçün püşkə eyni rəqəmlə qatılır. “Neftçi”də isə şəxsi əmsalı elə bu rəqəmə bərabərdir.

“Sumqayıt”
2020/21 – 3,750