10:58 28-07-2020
news_image
360
FUTBOL

Mərkəz müdafiəçisini Serbiyadan gətirir – Rəşad Sadıqov

“Zirə” Klesio Baukdan sonra ikinci legioner transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, qəsəbə klubu “Qəbələ”dən ayrılan mozambikli yarımmüdafiəçinin ardınca Serbiyaya üz tutub.

Rəşad Sadıqovun çalışdıracağı komanda “Radniçki”dən Lazar Corceviçlə anlaşıb. 28 yaşlı mərkəz müdafiəçisinin bu gün Azərbaycana gəlməsi gözlənilir. Onunla müqavilə müddəti 2 illik nəzərdə tutulub.

187 sm boya malik arxa xətt oyunçusu 2018-ci ildən “Radniçki”nin formasını geyinir. O, indiyədək 3 ölkədə - Şimali Makedoniya, Slovakiya və Çexiyada legioner həyatı yaşayıb.

“Palilulac”ın yetirməsi 2012-ci ildə “Sileks”ə transfer olunub. 1 il sonra Slovakiyaya yollanıb və 2 mövsüm “Koşitse”nin formasını geyinib. 2016-cıı ildə bu ölkədə “Jeleziarne”yə üz tutub və 2 il də adıçəkilən komandanın uğurları üçün meydana çıxıb.

2018-ci ildə ölkəsinə qayıdıb və “Voyvodina” ilə müqavilə bağlayıb. 2019-cu ilin əvvəlində Çexiyada peyda olan Lazar “Karvina” ilə anlaşıb. “Radniçki”yə də buradan gəlib. Belqrad komandasında yarım mövsümə 18 oyun keçirən müdafiəçi 2 qol vurub (sportinfo.az).