12:06 29-07-2020
news_image
351
FUTBOL

44 variant - qeyri-sabit “Neftçi”yə

Gələn ay uzun müddətdir futbolsuz qalan Azərbaycan idmansevərlərinin diqqətləri avrokuboklara yönələcək.

Apasport.az saytının məlumatına görə, əsas ümidlər Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”a yönəlsə də, Avropa Liqasında da üç təmsilçimiz meydana çıxacaq.

Onlar arasında ən çox ümid bəslənilən “Neftçi”dir. Qrupa düşən ilk Azərbaycan klubu kimi adını tarixə yazdıran Bakı təmsilçisi 2012/13 mövsümündəki qədər güclü və iddialı təsiri bağışlamasa da, yenə azarkeşlərini sevindirməyə çalışacaq.

Eyni uğuru təkrarlamaq üçün paytaxt təmsilçisi 4 mərhələ adlamalıdır ki, bu da asan olmayacaq. Çünki reytinqi aşağı olan “Neftçi” yalnız I təsnifat mərhələsində səpələnmiş olacaq, digər raundlarda zəiflər sırasında yer alacaq. Həmin mərhələlərə çıxacağı halda taleyi püşkdən asılı olacaq “ağ-qaralar” yalnız ilk rəqibi barədə daha rahat danışa bilər.

I təsnifat mərhələsində 94 komanda çıxış edəcək. Püşk zamanı onlardan 86-sı konkret rəqib, 8-i ilkin mərhələnin cütü olacaq. Püşk zamanı “94-lük” iki səbətə bölünəcək. “Neftçi” səpələnməmiş “47-lik”lə üz-üzə gələcək. Burada 42 klub və 5 cüt var.

Səpələnməmişlər sırasında yer alan Azərbaycan klubu “Sumqayıt”, həmçinin Ermənistan təmsilçiləri "Noa" və "Şirak" “Neftçi”yə rəqib ola bilməz. Bu isə o anlama gəlir ki, Füzuli Məmmədovun yetirmələri üçün 44 variant mövcuddur.

Əslində, Avropa Liqasında I təsnifat mərhələsinin səpələnməmişləri arasında “Neftçi” üçün keçilməz rəqib yoxdur. Amma...

“Ağ-qaralar” avrokuboklarda sabit çıxışı ilə seçilmir. Bakılılar Rusiya “Arsenal”ı və Kipr APOEL-i kimi güclü rəqibləri uda da bilər, nəinki “Bney Yehuda” (İsrail), hətta “Mladost” (Monteneqro), “Şkendiya” (Şimali Makedoniya) kimi komandalar önündə aciz də qala bilər. Belə qeyri-sabitlik heç bir rəqibə tam arzulanan gözü ilə də baxmağa imkan vermir.

Amma istənilən halda, 44 variantı da üç qrupa bölmək olar. Bir oyundan ibarət olacaq mərhələni bunlardan bəziləri ilə dueli evdə keçirmək daha yaxşı olardı. Söhbət “Lokomotiv” (Plovdiv, Bolqarıstan), "Slaviya" (Bolqarıstan), "Botoşani" (Rumıniya), "Pyast" (Polşa), “Krakoviya” (Polşa), "Dunayska" (Slovakiya), "Rujomberok" (Slovakiya), "Jilina" (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), "Laçi" (Albaniya), "Mura" (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Borats” (Bosniya və Herseqovina), “Union” (Lüksemburq) və “Differdanj” (Lüksemburq) komandalarıdır.

Səbətdə aşkar zəif görünən “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Jalgiris” (Kaunas, Litva), RFS (Latviya), “Valmiera” (Latviya), “Teuta” (Şimali Makedoniya), “Renova” (Şimali Makedoniya), “Sfantul” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotiv” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya) kimi komandaları isə “Neftçi” istənilən meydanda yenməyə sadəcə borcludur.

Üçüncü qrupa ilkin mərhələnin cütləri aiddir. Əslində, bu 5 cütdəki rəqibləri həm ev, həm səfərdə udulması mümkün olan ikinci qrupa da daxil etmək olar. Amma həmin cütlərin səpələnmişlərinin “Tre Penne” (San-Marino), “Runavik” (Farer adaları), “Torshavn” (Farer adaları), “Enqordan” (Andorra) və “Cent Cozefs” (Cəbəllütariq) olduğunu da nəzərə almalıyıq. Əgər ikinci qrup komandaları qeyri-sabit “Neftçi”yə xoş olmayan sürpriz yaşada bilərsə, ilkin mərhələnin cütləri Azərbaycanın ən titullu klubu üçün rəqib sayılmamalıdır.

Qeyd edək ki, ilkin mərhələnin cütləri avqustun 9-da, I təsnifat mərhələsinin püşkü ertəsi gün atılacaq. İlkin mərhələ oyunları avqustun 20-də, növbəti raund bir həftə sonra keçiriləcək.