01:03 31-07-2020
news_image
166
FUTBOL

Super Liqanın 21-ci komandası - 36 ildən sonra

Türkiyə Super Liqasına sonuncu vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümündə güclülər dəstəsində oynamaq hüququna “Fatih Karagümrük” yiyələnib.

İstanbul təmsilçisi I liqanın pley-off mərhələsinin final matçında “Adana Dəmirspor”la qarşılaşıb. Ankaradakı görüşün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 120 dəqiqəsi 1:1 hesabı ilə nəticələnən matçın oyunsonrası “lotereya”sında “Fatih Karagümrük” sevinib. Bu qələbə komandanı Super Liqaya daşıyıb. 

Bununla da istanbullular 36 ildən sonra güclülər sırasına dönüb. Bunadək “Fatih Karagümrük” 1958-63 və 1983-84-cü illərdə, “Adana Dəmirspor” 1960-61, 1973-1984, 1987-90, 1991-92, 1994-95-ci illərdə Super Liqada mübarizə aparıb. 

Finaladək adanalılar yarımfinalda “Bursaspor”u (0:0, 4:1), istanbullular “Akhisar Bələdiyyəspor”u (3:3, 1:0) məğlubiyyətə uğradıb. I liqadan Super Liqaya ilk iki vəsiqəni “Hatayspor” və “Ərzurumspor” qazanıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, 2019/20 mövsümünün yekunlarında heç bir komanda Super Liqanı tərk etməyəcək. Aşağı dəstədən gələn üç komanda ilə iştirakçı sayı 21-ə yüksələcək.

Super Liqaya vəsiqə uğrunda pley-off mərhələsi
Final
30 iyul
“Adana Dəmirspor” – “Fatih Karagümrük” – 1:1, pen. 5:6

Dibba, 68 - Ortakaya, 40