23:15 02-08-2020
news_image
417
FUTBOL

“Biz Azərbaycana uyğunlaşmalı olacağıq” – yığmamızın italiyalı məşqçisi

“Azərbaycandakı fəaliyyət mənim üçün yaşamalı olduğum yeni təcrübədir”. 

Apasport.az saytının məlumatına görə, bunu italiyalı məşqçi Alessandro Skayya deyib.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq fiziki hazırlıq üzrə mütəxəssis yığmamızda bir az fərqli iş görəcəyini açıqlayıb: “Özüm üçün kəşf etməli olduğum fərqli mədəniyyət, futbolla məşğuliyyətin fərqli üslubu və məşqçi kimi fərqli iş. Milli komandadakı fiziki hazırlıq üzrə məşqçi razılaşma əsasında öz işini görür. Futbolçular artıq klublarında bu tapşırıqları yerinə yetirirlər. O, hər oyunçu üçün fərqli hazırlıq proqramı tərtib edir. Məni o həvəsləndirir ki, bir az fərqli iş görəcəyəm. Onların əmək mədəniyyətini, əsasən müsəlman əhalisi olan ölkənin ərzaq sahəsində necə davranmağı öyrənəcəyəm. Onların öz mətbəxləri var. Aydın məsələdir ki, biz uyğunlaşmalı olacağıq”.

Karyerası boyu bir sıra klublarda çalışmış Skayya unudulmaz uğurunu xatırlayıb: “Karyeram bir çox uğurlardan məmnunluq duymuşam. Hətta İtaliya kubokunun yarımfinalını görmüşəm. Amma “Ternana” ilə xilas olmaq mənim üçün ən böyük qəhrəmanlıq kimi qalır. Bütün ili komandada oldum. Əvvəl Benito Karbone ilə də çalışdım, sonda Fabio Liverani gəldi. Martın 6-da ümidsiz vəziyyətdə idik. Heç kim B seriyasında qalacağımıza inanmazdı. “Askoli”ni udduq, “Karpi” ilə heç-heçə və ardıcıl ev qələbələri. A seriyasına vəsiqə üçün oynayan “Spal”a qalib gəldik. Karyeramda bundan dəyərli xatirə tapmaq mümkün deyil”.

Qeyd edək ki, 2016/17 mövsümündə 5 baş məşqçi dəyişən “Ternana” 29 turdan sonra 23 xalla sonuncu olduğu vaxt Fabio Liveranini gətirməklə xilas olub. Son 13 turdakı 26 xal komandanı B seriyasında saxlayıb və 12-ci edib.