10:18 05-08-2020
news_image
370
DİGƏR NÖVLƏR

Azərbaycan dayanıb, Belarus yaxınlaşır - dopinqdə

Belaruslu ağırlıqqaldıran Maksim Mudrevski dopinq testi müsbət nəticələndiyi üçün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, 89 kq çəkidə mübarizə aparan atlet Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat siyahısında yer alsa da, Yaponiya paytaxtına yollanmaq şansları minimuma bərabərdir.

Çünki Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) Belarusa Tokioda yalnız bir kişi və bir qadın idmançı ilə təmsil olunmaq hüququ verib. Bu da ölkənin antidopinq qaydalarını çox pozması ilə bağlıdır.

İWF-in siyahısında ön sıralarda yer alan Belarusun təmsilçiləri Pekin-2008-dən sonrakı dövrdə 24 belə pozuntuya yol verib. Azərbaycan və Qazaxıstan daha çox – 33 belə halla üzləşib. Rusiyada bu rəqəm 27-yə bərabərdir. 20-dən çox qayda pozuntusu olan Ermənistanla Tailand da Tokioda 1 kişi və 1 qadın atletlə təmsil olunacaq.

Bolqarıstan, Ukrayna, Rumıniya, Özbəkistan, Moldova, Türkiyə, İran, Hindistan, Albaniya və Malayziyada pozuntu sayı 10-dan çoxdur. Bu ölkələrin 2 kişi və 2 qadınla təmsil olunacağı gözlənilir.