11:09 05-08-2020
news_image
404
FUTBOL

“Azərbaycanda sonradan bunu dərk etdim” - Lorenzo Frutos

“Venesuelada “Deportivo”da çıxış edirdim. Prinsipcə, problemim yox idi, klub yaxşı idi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin sabiq futbolçusu Lorenzo Frutos deyib.

2019/20 mövsümünü Azərbaycanda keçirən paraqvaylı legioner ölkəmizə gəlişini xatırlayıb: “Arzumu gerçəkləşdirib Libertadores kubokunda oynadım. Martda klubun problemləri başladı və futbolçulara maaş verməyi dayandırdılar. Bu, rəhbərliklə problemimin yaranmasına səbəb oldu. FİFA-ya müraciət etmişəm. Venesuelada ala bilmədiklərimi istəyirəm. Belə vaxtda Azərbaycandan təklif gəldi. Tərəddüd etmədən onu qəbul etdim”.

Frutos Azərbaycan barədə məlumatsız olsa da, həmyerlisi Sezar Meza Kolli onun adaptasiyasına kömək edib: “Bu ölkə barədə heç nə bilmirdim və ailəmi aparmadan yollanmışdım. Amma paraqvaylı Sezar Meza Kolli “Keşlə”də olduğundan uyğunlaşmaqda çətinlik yaşamadım. Bakının çox gözəl olması məni heyrətləndirdi. Hər şey həqiqətən də çox gözəl idi. Çempionat sona 8 tur qalmış dayandırıldı. Buna koronavirus pandemiyası səbəb oldu. Mən 6 qol vurdum və biz Avropa Liqasına vəsiqə qazandıq. Bu, böyük təcrübə idi”.

Cənubi amerikalı Azərbaycan dili öyrənmək istəyini reallaşdıra bilməməsi, həmçinin ölkəmizin dinə bağlılığından da danışıb: “Azərbaycan dilində danışmaq mümkünsüzdür. Öyrənmək səylərimə baxmayaraq, bu, çox çətindir. Türk dilinə oxşayan çox qarışıq yerli dildir. Əhalinin bir hissəsi rusca da danışır. Diqqətimi oradakı dini intizam çəkdi. Onlar gündə 5 dəfə ibadət edirdilər. Bunun vaxtı olanda harada olmalarına baxmayaraq, lap məşqin ortasında dini ayini yerinə yetirirdilər. Əvvəl bunu başa düşmürdüm. Amma sonradan dərk etdim. Azərbaycan müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.

Hazırda klubsuz olan paraqvaylı yenidən Azərbaycan Premyer Liqasında oynamağın da əleyhinə deyil: “Müqaviləm iyunda başa çatdı. Karyeramı harada davam etdirəcəyimi hələ də bilmirəm. Amma Azərbaycandan təklif olsa, qayıtmaqla bağlı problem görmürəm”.