15:32 06-08-2020
news_image
475
FUTBOL

Seneqal millisinin sabiq qapıçısını istəyir - "Zirə"

Transfer çalışmalarını davam etdirən "Zirə" qapı xətti ilə bağlı yaranmış problemin həllinə çalışır.

Apasport.az saytının məlumatına görə, Bakı klubu çərçivəni əcnəbi qolkiperə həvalə etmək niyyətindədir.

Mövsümlərarası fasilədə Emil Balayev, Boyan Zoqoviç və Orxan Sadıqlı ilə yollarını ayıran qəsəbə təmsilçisi Seneqal millisinin sabiq qapıçısı Klement Diopa elçi düşüb. Baş məşqçi Rəşad Sadıqovun ixtiyarında görmək istədiyi 26 yaşlı oyunçu ilə ilkin danışıq da olub. Hazırda MLS klubu "Montreal İmpakt"ın formasını geyinən Diop əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi planlaşdırır. "Zirə"nin təklifinə hələlik konkret cavab verməyən "Amyen"in yetirməsi Premyer Liqa klubu və Azərbaycan barədə məlumat toplamağa başlayıb.

Qeyd edək ki, karyerası ərzində "Amyen", "Los Anceles Qalaksi" və "Montreal İmpakt"da çıxış edən Klement Diopun hazırkı klubu ilə müqavilə müddəti bu ilin sonuna qədərdir. Diop 2017-ci ildə qısa müddət Seneqal millisinə çağırılıb.