11:46 08-08-2020
news_image
127
FUTBOL

Xaqani Məmmədovun əsas komandaya təyinatını açıqladı – “Qəbələ”

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, əyalət komandasının futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 

44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. 2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.

Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997-2008), karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Qeyd edək ki, bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından klubumuzda çalışan məşqçi 2019/20 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.