15:54 09-08-2020
news_image
399
FUTBOL

Hacıyevskinin keçmiş komandası - “Vaduts”a “boyun əyən” rəqib

Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan Şimali Makedoniyanın “Sileks” klubu 1965-ci ildə yaradılıb.

Apasport.az saytının məlumatına görə, Kratovoda məskunlaşan klub Yuqoslaviya dövründə ciddi uğura həsrət qalıb.

Komandanın ən böyük nailiyyəti ölkə kubokunun 1/4 finalına vəsiqə olub. Makedoniyanın müstəqillik əldə etməsi “Sileks”in yüksək dəstədə yer alması ilə nəticələnib.

Kratovo təmsilçisi 1992/93 mövsümündən başlayaraq 1-ci liqanın daimi iştirakçısı olub. Bu, 2012/13 mövsümünə qədər davam edib. Həmin vaxt elitanı tərk edən komanda bir ildən sonra geri qayıdıb.

1995/96, 1996/97 və 1997/98 mövsümlərində ölkə çempionu olan komanda 22 ildir titula həsrətdir. Düzdür, komanda 6 dəfə gümüş medala yiyələnib.

Məhz bunlardan sonuncusu “Sileks”i Çempionlar Liqasına daşıyıb. Ölkə çempionu olan “Vardar” qitənin ən nüfuzlu klub turnirinə buraxılmadığı üçün 2019/20 mövsümünün gümüş mükafatçısı bu yarışa vəsiqə əldə edib.

“Sileks” 1993/94 və 1996/97 mövsümlərində ölkə kubokuna da yiyələnib.

Şimali Makedoniya təmsilçisi avrokuboklarda 1995/96 mövsümündə debüt edib. İlk cəhddən Kuboklar kubokunda mərhələ adlayan “Sileks” bir daha tur keçə bilməyib. Digər 7 cəhddə komanda elə ilk rəqibinə boyun əyib. 18 avrokubok matçında cəmi 4 qələbənin olması da Kratovo təmsilçisinin gücsüzlüyündən xəbər verir.

2016/17 mövsümündəki son cəhdində “Sileks” Lixtenşteyn “Vaduts”u ilə bacarmayıb. Balkanlılar Avropa Liqasının I təsnifat mərhələsindəki hər iki görüşdə “cırtdanlar”a uduzub.

Avropada 21 ildir qələbəsi olmayan Kratovo klubu sonuncu dəfə mərhələ keçməsə də, Ukrayna “Şaxtyor”una qalib gəlib – evdə 2:1, səfərdə 1:3.

Azərbaycan millisini, “Bakı” və “Simurq”u çalışdırmış Qyoko Hacıyevski də vaxtilə “Sileks”in baş məşqçisi olub. Bu, 1998-99-cu illərə təsadüf edib. Klubun indiki çalışdırıcısı Qoran Simov isə 2019-cu ilin aprelindən bu vəzifədə çalışır.

Kleş Andonovskinin prezidenti olduğu 55 yaşlı klub “Sileks” şəhər stadionunda oynayır. Bu arena cəmi 1800 tamaşaçı tutur.