22:26 09-08-2020
news_image
809
FUTBOL

“Qurbanov bunu necə kompensasiya etməyi bilir” – Muarem Muarem

“Sileks”in püşkdə bəxti gətirmədi. Üstəlik, bir matç olacaq, bu oyun da Azərbaycanda keçiriləcək”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem deyib.

Şimali makedoniyalı Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O, sabiq komandasının həmyerliləri “Sileks”lə rəqib olmasını dəyərləndirib: “Qarabağ” ölkəsində ən yaxşı, ən böyük klubdur. Mən orada oynamışam, nə olduğunu bilirəm. Xüsusilə baş məşqçi Qurban Qurbanov diqqət çəkir ki, on ildən çoxdur “Qarabağ”ın strateqidir. Əlbəttə, bu nədənsə xəbər verir. Qurbanov 4-3-3 sxeminə güvənir və nadir hallarda uduzur”.

Vətənində verdiyi açıqlamada Muarem “Qarabağ”ın Avropa uğurlarından da danışıb: “Qarabağ” daim Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrupunda oynayıb. Obyektiv olaraq, “Qarabağ” şübhəsiz favoritdir. Amma futbolda öncədən heç nə məlum deyil. Top yumrudur və Kratovo təmsilçisini şanslardan məhrum etməyək. Amma “Sileks”in bəxtinin gətirmədiyini deyərdim”.

Muarem Ağdam klubunu cütün aşkar favoriti hesab edir: “Sileks” rəqibin hücum xəttindəki ispaniyalı Romerodan da, gənc Emrelidən də ehtiyatlı olmalıdır. Bu komanda Uroş Matiçi gətirib. Kolumbiyadan da Kevin Medinanı alıblar. Dəhşətli oyunçudur. “Qarabağ”ın bəxti onda gətirməyib ki, uzun koronavirus pandemiyası ilə bağlı karantin üzündən keyfiyyətli hazırlıq keçə bilməyib. Kifayət qədər klassik yoxlama oyunu olmayıb. Amma Qurbanov bunu necə kompensasiya etməyi bilir. 3-4 ildir o klubda olmasam da, oradakılarla telefonla danışıram. Mənim əvvəl komanda yoldaşım olduğum futbolçular arasında çox sayda dostum var. Bir daha deyim ki, “Qarabağ” böyük klubdur və “Sileks”in bugünkü püşkdə bəxti gətirməyib”.

Qeyd edək ki, Muarem 2012-15 və 2016-17-ci illərdə “Qarabağ”da oynayıb.