16:41 10-08-2020
news_image
291
FUTBOL

“Azarkeşlərimizə səslənib deyirəm ki...” - “Neftçi”nin rəqibinə keçən Elvin Yunuszadə

Bakının “Neftçi” klubunun Avropa Liqasındakı rəqibi Şimali Makedoniyanın “Şkupi” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, Skopye təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

Vaxtilə “Neftçi”də də oynamış təcrübəli müdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb. Son klubu Bosniya və Herseqovinanın “Çelik” komandası olan 28 yaşlı futbolçu keçidi barədə fikirlərini açıqlayıb: “Şkupi” ilə anlaşdığım üçün xoşbəxtəm. Bura bir gün əvvəl gəldiyimdən komandada yaxşı ab-hava olduğunu gördüm. Mövsümün ilk matçına da baxdım. Qarşılaşma məndə xoş təəssürat yaratdı. “Şkendiya” ilə dünənki oyuna əsasən düşünürəm ki, komandaya yeni qoşulan futbolçularla birlikdə çempionluq uğrunda mübarizə apara bilərik. Baş məşqçi barədə də xoş sözlər deyə bilərəm. O, enerjili, əla xarakterə malik yaxşı məşqçidir. Əminəm ki, bu komanda ilə böyük işlər görəcəyik. Azarkeşlərimizə səslənib deyirəm ki, onlara görə daha çox çalışacağıq. Belə fanatlarımızın olmasından hər oyun məmnunluq duyacağıq”.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək.