17:38 10-08-2020
news_image
319
FUTBOL

“Neftçi”nin qənimi – “Sumqayıt” üçün

Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt”a rəqib olan Şimali Makedoniyanın “Şkendiya” klubu Azərbaycan təmsilçiləri üçün tanış komandadır.

Apasport.az saytının məlumatına görə, Tetovo şəhərini təmsil edən komanda 2016/17 mövsümündə “Neftçi” ilə üz-üzə gəlib.

Avropa Liqasının II təsnifat mərhələsində baş tutan qarşılaşmalarda balkanlılar “ağ-qaralar”ı mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçəyə nail olan “Şkendiya” evdəki tək qolla turu keçib. Həmin mövsüm tetovoluların tarixində avrokuboklardakı ən böyük uğurla əlamətdar olub. Üç mərhələ adlayan “Şkendiya” pley-offda “Gent”ə uduzub.

Avrokuboklardakı debütü 2011-ci ildə Çempionlar Liqasında gerçəkləşən “Şkendiya” ilk dörd cəhdində mübarizəni ilk dueldə dayandırıb. 2016/17 mövsümündə 3 mərhələ keçməklə pley-offa çıxmaqla rekorduna imza atan bir il sonra eyni nailiyyəti təkrarlayıb “Milan” səddinə ilişən Tetovo klubu Çempionlar Liqasında başladığı 2017/18 mövsümünü də Avropa Liqasının qrupunun bir addımlığında dayandırıb. Ardıcıl 3-cü pley-offdakı qənim “Rusenborq” olub.

Bu uğurlardan sonra “Şkendiya”nı fiasko gözləyib. Ötən yay “Nomme Kalyu”ya Çempionlar Liqasında, “Düdelanj”a Avropa Liqasında uduzan makedoniyalılar qitə macəralarını erkən başa vurub. Ümumilikdə, 36 avrokubok matçına çıxan komandanın hesabında 12 qələbə, 7 heç-heçə və 17 məğlubiyyət var.

UEFA reytinqində 7,250 xalla 150-ci olan “Şkendiya” ev oyunlarını 15 min tamaşaçı tutan “Ekoloq Arena”da keçirir. 1979-cu ildə yaranan klub Yuqoslaviya dönəmində aşağı liqalarda mübarizə aparıb.

Şimali Makedoniya çempionatlarına 4-cü dəstədən başlayan “Şkendiya” addım-addım zirvəyə doğru irəliləyib. 2010/11 mövsümündə isə komanda ölkə çempionu adına yiyələnib.

“Sumqayıt”ın rəqibi sonradan daha iki dəfə - 2017/18 və 2018/19 mövsümlərində qızıl medala yiyələnib. Ötən mövsüm isə “Şkendiya” yalnız 3-cü yerlə kifayətlənib. Klubun hesabında 2015/16 və 2017/18 mövsümlərində qazanılan iki ölkə kuboku və 2011-ci ildə əldə olunan Superkubok da var.

Qeyd edək ki, Ernest Qyokanın baş məşqçisi olduğu komanda dünən ölkə çempionatında yeni mövsümə də başlayıb. “Şkendiya” ilk turda “Neftçi”nin rəqibi “Şkupi” ilə heç-heçə oynayıb – 2:2. Avqustun 16-dakı növbəti turda tetovolular “Struqa” ilə qarşılaşacaq.