23:17 10-08-2020
news_image
2110
FUTBOL

“Sampdoriya”dan qapıçı gətirir - “Qarabağ“

Çempionlar Liqasına hazırlaşan “Qarabağ“ növbəti transfer yolunda önəmli addım atıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Vid Beletslə danışıqları bitirmək üzrədir.

Ötən mövsümü icarə əsasında APOEL-də keçirən qapıçı müqavilə ilə məxsus olduğu “Sampdoriya”ya qayıdıb. İtaliya klubu sloveniyalının Azərbaycana gəlməsinə razılığını verib.

Vidin özü də bu təklifə müsbət yanaşıb. Hazırda tərəflər 2+1 illik müqavilə şərtlərinin son detallarını müzakirə edirlər.

Ötən mövsüm III təsnifat mərhələsində Nikosiyada “Qarabağ”a 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Bakıda 2:0 hesablı qələbə qazanan APOEL növbəti mərhələyə adlayıb. Bu komandalar Avropa Liqasının qrupunda da rəqib olub və APOEL yenə üstün çıxış edib (2:2, 2:1).

Kipr təmsilçisinin bu qarşılaşmalarda məqsədinə çatmasının əsas səbəbkarlarından biri Vid Belets, digəri Uroq Matiçdir. “Qarabağ“ serbiyalı yarımmüdafiəçini artıq rəsmən heyətinə qatıb, indi növbə 30 yaşlı qolkiperindir. 

Qurban Qurbanov onu hələ 2019-cu ilin yayında komandasına gətirmək istəyib. Həmin vaxt İbrahim Şehiçin dönüşü gündəmə gəldiyindən, baş məşqçi ümidini yaxşı tanıdığı bosniyalıya bağlayıb. Lakin İbrahim “Erzurumspor“da qalmağı üstün tutub, “Sampdoriya” da Vidi APOEL-ə icarəyə verib (sportinfo.az).

Bu günlərdə Vid üçün vida mətni hazırlayan Kipr klubu onun ən böyük uğuru kimi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matçdakı qurtarışını göstərib: “Belets Bakıdakı görüşün 42-ci dəqiqəsində Abdullah Zubirin yüz faizlik qol zərbəsini dəf etməklə rəqibi dayandırdı, APOEL-i isə qrupa daşıyaraq kluba milyonlarla avro qazandırdı. Onun APOEL-ə nələr bəxş etdiyini məhz həmin epizod göstərir”.