10:20 12-08-2020
news_image
368
FUTBOL

“Azərbaycan komandaları əvvəlki kimi deyil” - Beqiri

“Həm “Şkendiya”, həm də “Şkupi”də oynadığım üçün bu komandaların avrokuboklarda uğur qazanmasını arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu şimali makedoniyalı mütəxəssis Arqyend Beqiri deyib.

Ölkəsinin mətbuatına danışan 46 yaşlı məşqçi “Şkendiya” və “Şkupi”nin Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Neftçi” önündəki şanslarını dəyərləndirib.

Azərbaycan futbolu barədə müsbət fikirlər səsləndirən “Qostivari” və “Ferizay”ın sabiq baş məşqçisi Şimali Makedoniya klublarının mərhələ adlamaq imkanlarının çox olduğunu düşünür: “Rəqiblər də təxminən komandalarımız səviyyəsindədir. Onlar fiziki cəhətdən daha yaxşı vəziyyətdə olurlar, nəinki texniki baxımdan. Azərbaycan komandaları illər əvvəlki kimi deyillər. Son 5-8 ildə futbola çox sərmayə qoyublar. Məhz bu cəhətdən qarşımızda dururlar. Bu üzdən komandalarımızın işi asan olmayacaq. İnfrastruktur baxımından da bizdən öndədirlər. Lakin Covid-19 pandemiyası səbəbindən mərhələlər bir oyundan ibarət olacaq. Bu da vəziyyəti dəyişəcək. İndi daha çox taktiki mübarizə olacaq. Məncə, taktiki baxımdan yaxşı hazırlaşan tərəf mərhələ adlayacaq. Komandalarımızın keyfiyyətinə inanıram. Kollektiv şəkildə mübarizə apara bilsələr, uğura ümid edə bilərlər. Müasir futbol komanda oyununu sevir. Həm “Şkendiya”, həm də “Şkupi”nin heyətini gücləndirdiyini nəzərə alsaq, onların şanslarının yüksək olduğunu düşünürəm”.

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” və “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək. Hər iki qarşılaşmanın start fiti 20:00-da səslənəcək.