10:26 15-07-2008
news_image
400
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 22 yaşlı idmançı 6-cı turda ukraynalı Andrey Volokitinlə görüşüb. Ağ fiqurlarla oynayan V.Həşimov rəqibini 25-ci gedişdə mat edib. Bununla da, həmvətənimiz məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Hesabat turunda Dmitri Yakovenko (Rusiya) Viorel Baloqana (Moldova), Aleksey Şirov (İspaniya) Aleksandr Onişuka (ABŞ), Van Xao (Çin) isə Emil Sutovskiyə (İsrail) qalib gəlib. Yeganə heç-heçə yerli şahmatçılar Sergey Rublyovski ilə Ernesto İnarkiyev arasındakı görüşdə qeydə alınıb. Beləliklə, V.Həşimov növbəti qələbə sayəsində yarış cədvəlində mövqeyini yaxşılaşdırıb. Aktivində 3,5 xal olan beynəlxalq qrossmeysterimiz V.Xao ilə birgə 4-5-ci yerləri bölüşdürür. O, liderlər qrupundan yarım xal geri qalır. Bu gün V.Həşimov qara fiqurlarla V.Baloqana qarşı mübarizə aparacaq. Növbəti iki gündə A.Şirov və V.Xaonu da sınağa çəkəcək şahmatçımız bununla da beynəlxalq turnirdə çıxışını başa vuracaq.