10:12 13-08-2020
news_image
248
FUTBOL

Qələbə qazanmamışıq – “Qarabağ”ın oyununa təyinat alan hakimin

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” – “Sileks” oyununa təyinat alan Yaroslav Kozık Azərbaycan komandaları üçün tanış simadır.

Apasport.az saytının məlumatına görə, ukraynalı referi baş hakim kimi, 3-cü dəfə ölkəmizə səfər edəcək.

Kozık Azərbaycanda ilk dəfə 2015/16 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “İnter”in (indiki “Keşlə”) “Hafnarfyordur”la görüşündə iş başında olub. 2:2 hesabı ilə nəticələnən görüşdə ukraynalı bakılılara 2 sarı vərəqə göstəribsə, İslandiya təmsilçisini 5 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırıb. Səlahət Ağayev və Rauf Əliyevin sarı aldığı matçda ilk qolu hazırda “Qarabağ”ın formasını geyinən Abbas Hüseynov vurub. Matça əlavə olunmuş 30 dəqiqədə bərabərlik topunu vuran “İnter” mərhələ adlayıb.

40 yaşlı referi 2016/17 mövsümündə bu dəfə “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la matçında fit çalıb. Həmin qarşılaşmada isə Malta klubu 2:1 hesablı qələbə qazanıb. “Neftçi”yə 3 (Jairo, Dario Melnyak, Elşən Abdullayev), “Baltsan”a isə 7 sarı vərəqə göstərən Kozık təmsilçimizin qapısına penalti də təyin edib. Evdə uduzmasına baxmayaraq, “Neftçi” səfər qələbəsi (2:0) sayəsində növbəti mərhələyə yüksəlib.

Ümumiyyətlə, 2013-cü ildən FİFA kateqoriyasını daşıyan Yaroslav Kozık 2020-ci ildə ilk beynəlxalq oyununa məhz Bakıda çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.