12:40 14-08-2020
news_image
416
FUTBOL

Tam fərqli hekayə - “Barselona” & “Bavariya”

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün “Barselona” ilə “Bavariya” qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, erkən final öncəsi hər iki komanda yarımfinala vəsiqə qazanmaqda iddialıdır.

Bunu baş məşqçilərin və futbolçuların açıqlamalarından sezmək mümkündür. İspanlar rəqibin formada olmasından narahatdırlarsa, almanlar daha çox Lionel Messi amilini qabardırlar...

Kike Setyen (“Barselona”nın baş məşqçisi): “Motivasiya bizim qanımızda var. Çox güclü rəqiblə qarşılaşacağıq. Biz iddialı açıqlamalar vermək yox, sözümüzü meydanda demək istəyirik. Bir çox taktikanı nəzərdən keçirmişik. Təbii ki, bunu oyuna qədər heç kim görməyəcək. Əsas məsələ az müdafiə olunmaq üçün topa sahib olmaq və rəqibi hücumlarımızla məğlub etməkdir”.

Nelson Semedo (“Barselona”nın müdafiəçisi): “Lissabon küçələrində futbol oynamağa başlamışam. Buna görə də oyunlar mənim üçün xüsusi önəm daşıyacaq. Karyeram “Benfika”da yaxşı oynayanda başladı. “Bavariya” yaxşı müdafiə olunur və təhlükəli rəqibdir. Ancaq özümüz barədə düşünürük və “Bavariya”nı məğlub edəcəyimizə əminik”.

Arturo Vidal (“Barselona”nın yarımmüdafiəçisi): “Levandovski fövqəladə, dəyişməz və çox təhlükəli futbolçudur. Onun necə məşq etdiyini görmüşəm. Roberti dayandırmaq çox çətin olacaq. Ancaq onu Messi ilə müqayisə etmək olmaz, çünki Leo başqa planetdəndir. İlin ən vacib oyununa çıxacağıq. Çempionlar Liqasını qazanacağımıza inanıram. “Bavariya” da əla mövsüm keçirir. Onlar Bundesliqanın və Almaniya kubokunun qalibi oldular. Ancaq biz “Barselona”yıq, işimizi bilirik”.

Hans-Diter Flik (“Bavariya”nın baş məşqçisi): “Levandovski ilə Messini müqayisə edə bilməzsiniz. Robert qeyri-adi, keyfiyyətli hücumçudur, həmişə qol vurur, asist edir. Ancaq Messi son illər dünyanın ən yaxşı oyunçusudur. Ancaq bu, “Bavariya” – Messi yox, “Bavariya” – “Barselona” oyunudur. Əlbəttə, Messini dayandırmaq üçün bir planımız var, amma bunu açıqlamayacağam. Onun hərəkətlərini öncədən bilməli, sahəni bağlamalı, təzyiq göstərməli, tək qalmasına icazə verməməliyik”.

Alfonso Devis (“Bavariya”nın müdafiəçisi): “Dünyanın ən sevimli futbolçulardan olan Lionel Messiyə qarşı oynamaq inanılmazdır. Səmimi deyim ki, sözlər kifayət etmir. Xəyalım gerçəkləşir. Dünən atam zəng vuraraq dedi ki, ən çox sevdiyin futbolçuya qarşı oynayacaqsan. Biz belə bir şey təsəvvür edə bilməzdik. Uşaqlıqdan pərəstiş etdiyim Messiyə rəqib olacağam. Tam fərqli hekayə olacaq. Ümid edirəm ki, onunla dueldə ən yaxşı keyfiyyətlərimi göstərəcəyəm. O, əla futbolçudur, heç kim dayandıra bilməz. Edə biləcəyimiz tək şey ən yaxşı oyunumuzu göstərməkdir”.

Tomas Müller (“Bavariya”nın yarımmüdafiəçisi): “Meydanda topa sahib olmaq istəyən iki komanda olacaq. Topsuz olanda yaxşı çıxış etmək, “Barselona”ya vəziyyəti qəlizləşdirmək və topu tez ələ keçirmək istəyirik. Messini yalnız bütün komanda şəklində müdafiə olunaraq dayandırmaq mümkündür. Alfonso Devisin bu mənada öz vəzifəsi var. Ancaq o, tək olmayacaq”.

Qeyd edək ki, Lissabonun “Da Luş” stadionunda keçiriləcək “Barselona” – “Bavariya” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.