11:34 16-08-2020
news_image
3680
FUTBOL

Braziliya millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı - "Zirə"

"Zirə" daha bir futbolçunu heyətinə cəlb edib.

Apasport.az saytının məlumatına görə, bakılılar Braziliyanın "Ferroviaria" klubunun sabiq hücumçusu Kayo Rangellə güclənib.

Bu ilin yanvarında keçdiyi komandadan mayda ayrılan və azad agent statusu daşıyan 24 yaşlı forvard "Zirə" ilə 1+1 illik müqavilə imzalayıb.

"Flamenqo"nun yetirməsi olan Kayo İtaliyada "Kalyari", Portuqaliyada isə "Aruka" və "Eştoril" klublarında legioner həyatı yaşayıb. Futbolçu eyni zamanda ölkəsində "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento" və "Ferrovayra"nın formasını geyinib. Peşəkar karyerasının 6 ilində 9 klubda çıxış edən ön xətt oyunçusu Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirib, 3 dəfə fərqlənib.

Qeyd edək ki, mövsümlərarası fasilədə baş məşqçi postuna Rəşad Sadıqovu gətirən "Zirə" Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın, Şəhriyar Rəhimov, Lazar Corceviç, Hacıağa Hacılı və Ayxan Süleymanlını transfer edib.