20:55 16-08-2020
news_image
219
FUTBOL

Çempionatda ilk qələbə - "Neftçi" və "Sumqayıt"ın rəqibindən

Şimali Makedoniya çempionatında II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Sumqayıt"ın rəqibləri olan "Şkupi" ilə "Şkendiya" növbəti oyununa çıxıb.

İlk turda bir-biriləri ilə heç-heçə edən komandalar bu dəfə öz meydanlarında rəqiblərini qəbul ediblər. "Neftçi"nin rəqibi "Şkupi" Çairdə "Makedoniya Qyorçe Petrov"una qalib gəlib - 3:1. Komandanın heyətində Fatjon Jusufi (4-cü dəqiqə), Dembo Darboe (76, pen.) və Lamine Diak (90+3) fərqlənib. İlirid Ademinin 71-ci dəqiqədə qırmızı vərəqə alması da çairlilərə mane olmayıb. Azərbaycanlı futbolçu Elvin Yunuszadə bu görüşdə iştirak etməyib.

"Sumqayıt"ın rəqibi "Şkendiya" isə "Struqa"nı Ennur Totrenin 38-ci və Lyupçe Doriyevin 90+2-ci dəqiqədə vurduğu qollarla 2:0 hesabı ilə üstələyib.

Bununla hər iki komanda yeni mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, avqustun 27-də keçiriləcək "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" matçları Bakı vaxtı ilə 20:00-da başlayacaq. Oyunlar müvafiq olaraq "Bakcell Arena" və "Kapital Bank Arena"da baş tutacaq.