14:10 17-08-2020
news_image
1969
FUTBOL

Qurban Qurbanov: “Bir oyundan həmişə ehtiyatlanmışam” - MÜSAHİBƏ

“Bir oyundan ibarət oyuna çıxacağıq və nəticə də bu görüşdə bilinəcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə oyun haqda danışarkən deyib.

Şimali Makedoniya təmsilçisi ilə sabah keçiriləcək qarşılaşma öncəsi 48 yaşlı mütəxəssis mətbuat konfransında fikirlərini bildirib: “Diqqətli və məsuliyyətli olmalıyıq. Problemlərə yol verməməliyik. Oyun təcrübəmiz yoxdur. Düşünürəm ki, futbolçular pis hazırlaşmayıblar. Amma meydanda yaxşı mübarizə olmalıdır. Uğurlu nəticəyə çalışacağıq”.

- Rəqibin oyununu necə təhlil edərdiniz?
- Rəqibin çempionatda son 2 oyununa baxmışıq. Topla oynamağı xoşlayan komandadır. Burada hansı sürpriz olacaq, necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər.

- Ot örtüyündə sanki problem var...
- Bizdə belə problemlər olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər.

- Yeni transferlərin uyğunlaşma prosesi necə gedir?
- Normaldır. Qəbələdə özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Çalışırlar komandaya uyğunlaşsınlar.

- “Sileks”in zəif komanda olduğu barədə məlumatlar yayılır. Bu, komandada arxayınlığa yol açmaz?
- Bu turnirdə zəif komanda olmur. Futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüblər və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun.

- Avrokubok təcrübəsi və digər göstəricilərdə “Qarabağ” üstündür. “Sileks”in xeyrinə işləyən amil hansıdır?
- Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Sabah azarkeşsiz oynamağımız “Sileks”in üstünlüyüdür.

- Uroş Matiçin hazırkı durumu necədir?
- Matiç yəqin ki, start heyətində meydana çıxacaq. Bir az gec qoşulub, əsas problemi budur. Amma təcrübəsi ilə bunu aradan qaldıracaq.

- Rəqibin hansı oyunçularını qeyd edərdiniz?
- Sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. İndividual cəhətdən yaxşı oyunçuları var. Sabah rəqibin əks-hücumlarının qarşısını almaqda diqqətli olmalıyıq.

- Komandanın psixoloji hazırlığı necədir?
- Düşünürəm ki, onlarla əlavə söhbətə ehtiyac yoxdur. Neçə illərdir bu turnirdə iştirak edirik, bu turniri tanıyırıq. Çalışırıq futbolçuları həmişə psixoloji sıxıntıdan uzaq tutaq.