17:22 17-08-2020
news_image
494
FUTBOL

Həsrətə son – “Qarabağ”la

Azərbaycanda futbol həsrətinə son qoyulur.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən martdan bəri sabah ölkəmizdə ilk rəsmi oyun keçiriləcək.

Yarımçıq başa çatdırılan Premyer Liqanın qalibi elan edilən “Qarabağ” Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Rəqib Şimali Makedoniya çempionatında 2-ci yeri tutan “Sileks” olacaq.

Çempion “Vardar” cəzalı olduğundan, ÇL-də iştirak hüququ əldə edən “Sileks”lə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, Bakıdakı matç cütün qalibini müəyyənləşdirəcək.

Bu cütün favoriti şübhəsiz ki, “Qarabağ”dır. Üstəlik, Kratovo təmsilçisi ötən mövsümlə müqayisədə bir qədər də zəifləyib. “Qarabağ”da isə ayrılanların yerinə yeni oyunçular transfer edildiyindən, heyətlə bağlı ciddi bir problem yoxdur. Ancaq komandanın 5 aydan çoxdur rəsmi matçda iştirak etməməsi futbolçuların oyun praktikasından əziyyət çəkməsinə səbəb olub. Əvəzində “Sileks” Şimali Makedoniya birinci liqasının yeni mövsümündə artıq 2 oyun keçirib.

Qarşılaşma öncəsi daha 2 amil çempionumuzun əleyhinədir. Birincisi, avrokubok görüşlərini dolu tribunalar önündə keçirən “Qarabağ”ın bu dəfə boş tribunalar önündə, azarkeş təzyiqi olmadan rəqib önünə çıxmasıdır. İkincisi, ot örtüyünün durumunun ürəkaçan olmamasıdır. Bu isə “Qarabağ” kimi yaradıcı, topla oynamağı xoşlayan komandalar üçün arzuolunmaz haldır.

İstənilən halda, daha təcrübəli futbolçulara malik Qurban Qurbanovun komandası mərhələni keçməyə borcludur.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)
Hakimlər:
Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu