19:56 17-08-2020
news_image
561
FUTBOL

“Qarabağ” 7:0 hesabı ilə qalib gələ bilər” – “Sileks”in baş məşqçisi

“Bu, bizim üçün çox böyük təcrübədir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyun haqda danışarkən deyib.

Azərbaycan çempionu ilə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma öncəsi Şimali Makedoniya təmsilçisinin 45 yaşlı çalışdırıcısı mətbuat konfransında fikirlərini bildirib: “Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm bizə heç kim şans vermirdi, amma çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından bizim üçün yaxşı olacağını düşünürük”.

- Səhv etmirəmsə, məşqçi kimi avrokuboklarda ilk oyununuz olacaq. Özünüz necə, həyəcanlısınız?
- Futbolçu karyeramı 42 yaşımda bitirmişəm və böyük hissəsi “Sileks”lə məxsusdur. Ötən mövsüm son 8 turdakı uğurlu çıxış sayəsində şirin xəyalı gerçəkləşdirdik. Burada olduğumuz üçün şadıq.

- Mütəxəssislər “Qarabağ”ı favorit hesab edirlər. Siz rəqibi nədə üstələyə bilərsiniz?
- “Qarabağ” böyük klubdur. Böyük futbolçuları var, hansı ki, milli komandalarda çıxış edirlər. Amma biz bura arzularımızın arxasınca gəlmişik. Futbolçulara demişəm ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq.

- Boş tribunalar önündə çıxış edəcəksiniz və qazonun durumu yaxşı deyil. Bu, komandanıza nə dərəcədə təsir edə bilər?
- Hətta evdə oynasaydıq belə, öz meydanımızda deyil, mərkəzi stadionda çıxış edəcəkdik. Orada isə 2 və ya 3 oyun keçirmişik. Bu səbəbdən elə bir fərqi yoxdur. Dediyiniz pis meydança Şimali Makedoniyadakı ən yaxşı meydançadan da yaxşıdır.

- Azərbaycanın 3 klubu Şimali Makedoniya təmsilçiləri ilə qarşılaşacaq. Hansı cütlükdə Şimali Makedoniya klubunun şansını daha çox görürsünüz?
- “Şkendiya”nı vurğulamaq istərdim. Onlar ölkənin ən güclü və pullu komandasıdır. “Şkendiya”nı növbəti mərhələyə daha şanslı sayıram.

- Mərhələ adlamaq istəyi uğur qazanmaq üçündür, yoxsa klubun büdcəsinə gəlir qazandırmaq üçün?
- Bura xəyallarımızın arxasınca gəlmişik. Pulu düşünmürük. Bir müddət əvvəl liqada qalmaq, həyatda qalmaq arzusunda idik. Amma indi buradayıq. Oyun 0:0 da ola bilər və ya “Qarabağ” 5:0, 7:0 hesabı ilə qalib gələ də bilər. Bizim üçün bunun elə bir fərqi yoxdur. Avrokubok həyəcanını yaşamaq istəyirik.