14:06 18-08-2020
news_image
148
FUTBOL

“Sensasiyaya ümid edirəm” – “Sileks”in qapıçısı

“Səbail”də olduğum zaman “Qarabağ”a qarşı oynamışıq. Bizim üçün çətin olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sileks”in qapıçısı Daniel Bojinovski Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyun barədə danışarkən deyib.

Şimali Makedoniya mətbuatına açıqlama verən “Səbail”in sabiq qapıçısı “Qarabağ”ın Azərbaycanın ən güclü klubu olduğunu söyləyib: “Qarabağ” aşkar favoritdir, ancaq indidən təslim ola bilmərik. Ən əsası qorxmamalı, bildiyimiz oyunu sərgiləməliyik. Yalnız müdafiədə oturmamalıyıq. Belədə rəqibi təəccübləndirmək şansımız olmayacaq. “Qarabağ”ın əla hücum xətti var ki, onlara diqqət yetirməliyik. Azərbaycan komandasının bizdən təcrübəli olduğu aşkardır. Onlardan fərqli olaraq, bizim əksər oyunçularımız avrokuboklarda debüt edəcəklər. 90 dəqiqəlik oyunda hər şey mümkündür. Cütün taleyi iki oyundan sonra həll olunsaydı, şansımız daha az olardı”.

Bojinovski qapısından qol buraxmamağa çalışacağını vurğulayıb: "Sensasiyaya ümid edirəm. Buna nail olub-olmadığımızı sonda görəcəyik. Məğlub olsaq belə, Avropa Liqasında daha bir oyunumuz olacaq. Bu üzdən üzərimizdə təzyiq hiss etmirik. Hamımız “Sileks” və Şimali Makedoniya futbolu üçün oynayacağıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da başlayacaq.