14:56 19-08-2020
news_image
332
FUTBOL

Ləğv olunmayacaq - UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasının 2020/21 mövsümü ləğv olunmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə “sport-express” nəşri məlumat yayıb.

Bildirilib ki, qitə futbol qurumu rəsmiləri dünən gecə və bu gün səhər saatlarında turnirin ləğvi məsələsini müzakirə ediblər. Uzun məsləhətləşmələrdən sonra isə yarışın keçirilməsi qərara alınıb.

Koronavirus pandemiyası səbəbindən klub turnirlərinin təqvimində sıxlıq yarandığı üçün “Top-5” liqalarının komandaları Millətlər Liqasının ləğvi üçün UEFA-ya təzyiq göstərsə də, qurum üzv assosiasiyalarla görüşdən sonra “davam” qərarını verib. Yerli assosiasiyaların əksəriyyəti də oyunlar tamaşaçısız olduğu üçün qazanc əldə edə bilməmələrini problemə çevirməyiblər.

UEFA həmçinin onu da nəzərə alıb ki, Millətlər Liqası ləğv olunarsa, yığmalar bir ildən çox müddətdə oyun keçirə bilməyəcəklər. Bu hal isə sonuncu dəfə İkinci Dünya Müharibəsi zamanı yaşanıb.

Bu gün keçiriləcək videokonfransda oyunların təqvimi və futbolçuların sağlamlığı müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə C liqasının 1-ci qrupunda yer alıb. Yığmamız sentyabrın 5-də Bakıda Lüksemburqla, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.