16:02 19-08-2020
news_image
406
FUTBOL

Çempionlar Liqasının debütantı, ev sahiblərinə düşərli – Bakıya gəlir

Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ın oyununa təyinat alan Furkat Atajanov bu turnirdə debütünü Bakıda edəcək.

Apasport.az saytının məlumatına görə, UEFA ilk dəfə qitənin ən nüfuzlu klub turnirində qazaxıstanlı referiyə oyun həvalə edib.

2017-ci ildən FİFA referisi olan 34 yaşlı Atajanov indiyə qədər U-21 və U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinə, UEFA Gənclər Liqasına, eyni zamanda Avropa Liqasının təsnifat mərhələlərinə təyinat alıb. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Atajanovun karyerasında 14-cü beynəlxalq dərəcəli oyun olacaq.

Qazaxıstanlı referinin son təyinatı da məhz Azərbaycan təmsilçisinin matçına təsadüf edib. O, ötən il oktyabrın 2-də Kiprdə yerli APOEL-lə “Qəbələ”nin U-19 komandaları arasında keçirilən UEFA Gənclər Liqasının I mərhələ görüşündə fit çalıb. 1:1 hesabı ilə başa çatan Nikosiyadakı matçda təmsilçimizin 3 futbolçusunu – Veysəl Rzayev, Təbriz İsazadə və İdris İnqilablını sarı vərəqə cəzalandırıb.

Ümumiyyətlə, Atajanov meydan sahibləri üçün daha düşərli hakimdir. Çünki 13 beynəlxalq oyunun 7-də ev sahibləri, 2-də qonaqlar qələbə qazanıb, 4 görüşdə bərabərlik qeydə alınıb. Vərəqə göstərməyə meylli olan referi bu matçlarda 57 dəfə sarı, 9 dəfə qırmızı vərəqəyə əl atıb.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi oyununu avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Azərbaycan çempionunun rəqibi bu gün baş tutacaq “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi olacaq.