16:38 19-08-2020
news_image
4136
FUTBOL

“Çempionlar Liqasında qrupa düşə bilməsək...” – Xayme Romero

“Sileks”ə vurduğum qol gözəl alındı, çünki müdafiəçinin yaratdığı boşluqdan yararlandım. Ozobiçin mənə verdiyi ötürmə də çox yaxşı idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın vingeri Xayme Romero AS nəşrinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə (4:0) keçirilən oyunu dəyərləndirərkən deyib.

İspaniyalı futbolçu “Qarabağ” və Bakı şəhəri haqda müsbət fikirlər səsləndirib: “Böyük klubda olduğum üçün çox xoşbəxtəm. Bazalar, şəhər... Hər şey əladır. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu həvəsləndirir”.

“Sileks”lə matçda ilk qolun müəllifi olan 30 yaşlı hücum oyunçusu hədəflərinin ən pis halda Avropa Liqasının qrupuna düşmək olduğunu söyləyib: “Təsnifat mərhələlərində güclü komandalar olur. Bu üzdən vəziyyət mürəkkəbdir. Buna baxmayaraq, məqsədimiz avrokuboklarda yolumuza davam etməkdir. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq”.

Romero həmyerliləri Dani Kintana və Miçelin “Qarabağ”dan ayrılmasına üzüldüyünü də gizlətməyib: “Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadır”.

Futbolçu Premyer Liqada 2020/21 mövsümünün başlamaq üzrə olduğunu və yenidən çempionluq barədə düşündüklərini əlavə edib: “Premyer Liqa ilə avrokubok oyunları qarışacaq. Bu, böyük məsuliyyətdir. Ancaq məqsəd çempionluq seriyasını davam etdirmək və ötən mövsümdəkindən çox qol vurmaqdır”.

Qeyd edək ki, Xayme Romero ötən mövsüm Premyer Liqada 13 oyun keçirib, 3 qola imza atıb.