10:46 20-08-2020
news_image
1092
FUTBOL

“Qarabağ”la oyunu dəyərləndirdi - “Serif”in baş məşqçisi

“Komandamı qələbə münasibətilə təbrik etdim. Bilirəm ki, çətin idi”.

Apasport.az saytının məlumatına görə, bunu Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının I təsnifat mərhələsində “Fola” (Lüksemburq) üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən xorvatiyalı mütəxəssis II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la keçiriləcək oyuna da münasibət bildirib.

46 yaşlı çalışdırıcı Bakıdakı matçda daha yaxşı oynamağın vacib olduğunu söyləyib: “Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. I mərhələdə qalib gəlməyimiz mənim üçün vacib idi. Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq. “Qarabağ” “Fola”dan daha güclüdür. Ümid edirəm ki, ötən mövsümdəki kimi daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etdikdən sonra ikinci matça hazırlaşacağıq. “Qarabağ”la görüşə çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik”.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu 20:00-da başlayacaq.