18:01 20-08-2020
news_image
475
FUTBOL

“Qarabağ”la başlayan yol Kölndə bitəcək – “İnter”lə finalda

Sabah Avropa Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Sevilya” ilə “İnter” üz-üzə gələcək.

Niderlandlı Denni Makkelienin idarə edəcəyi matç Köln şəhərində baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı qrupu lider kimi tamamlayan “Sevilya” finala qədər önünə çıxan ÇFR (Rumıniya), “Roma” (İtaliya), “Vulverhempton” və “Mançester Yunayted”i (hər ikisi İngiltərə) mübarizədən kənarlaşdırıb.

“İnter” mövsümə Çempionlar Liqasında başlamasına baxmayaraq, qrupda 3-cü yeri tutaraq Avropa Liqasına yuvarlanıb. “Neradzurra” 1/16 final mərhələsindən etibarən “Lüdoqorets” (Bolqarıstan), “Xetafe” (İspaniya), “Bayer” (Almaniya) və “Şaxtyor”a (Ukrayna) qalib gəlib.

Qitənin ikinci dərəcəli turnirinin ən sevimli komandası olan “Sevilya” tarixində 6-cı dəfə final matçına çıxacaq. 2006, 2007, 2014, 2015 və 2016-cı illərdəki həlledici qarşılaşmaların hamısında rəqiblərinə şans verməyən İspaniya təmsilçisi 4 illik həsrətə yenə kubokla son qoymaq niyyətindədir.

“İnter” isə 1998-ci ildə sonra ilk dəfə bu turnirin finalında oynayacaq. İndiyə qədər 4 dəfə finalda meydana ayaq basan italyanlar bunun 3-də (1991, 1994, 1998) qalib gəlibsə, 1 dəfə (1997) rəqibinə yeniliblər. “İnter” sabah azarkeşlərini sevindirə bilsə, həm analoji yarışda 22 illik həsrətə son qoyacaq, həm də “Sevilya”nı Avropa Liqasının finalında məğlub edən ilk komanda olacaq.

“Sevilya” avrokuboklarda İtaliya klublarına qarşı 14-cü oyununa çıxacaqsa, “İnter” 44-cü dəfə ispanlara rəqib olacaq. Əndəlüs təmsilçisi 6 qələbə, 2 heç-heçə, 5 məğlubiyyətlə diqqət çəkib. “İnter” isə İspaniya klubları ilə duellərin 14-də qalib gəlib, 18-də uduzub, 11 dəfə isə rəqiblə bərabərə qalıb.

Oyunöncəsi komandalarda cəzalı futbolçu yoxdur. “Sevilya”da yüngül zədəsi olan Lukas Okamposla bağlı qərarı baş məşqçi Xulen Lopeteqi verəcək. “İnter”in heyətində isə Matias Vesino və Aleksis Sançes zədədən əziyyət çəkir. Hər iki futbolçunun meydana çıxması gözlənilmir.

Tərəflərin əla formada olması gərgin final vəd edir. “İnter” son 7 oyunda cəmi 1 qol buraxıb və 11 görüşdür uduzmursa, “Sevilya”da məğlubiyyətsizlik seriyası 20 matça bərabərdir. Üstəlik, ispanlar son 9 qarşılaşmanın 8-də qələbə qazanıb.

UEFA Avropa Liqası
Final
21 avqust
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya)

Baş hakim: Denni Makkelie (Niderland)
Köln. “Reyn Enerji” stadionu