22:51 21-08-2020
news_image
215
FUTBOL

“Növbəti həftə yeni hücumçumuz bizimlə olacaq” – Füzuli Məmmədov

“Uzun fasilədən sonra yenidən görüşdük. Çox xoşdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının açılış turunda “Səbail”lə keçirilən oyunu dəyərləndirərkən deyib.

Məmmədov komandasının 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk oyunların çətin olduğunu bilirik. Əsas çətinlik də ondan ibarətdir ki, uzun müddətdir rəsmi oyun keçirmirdik. Futbolçularım meydanda çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynadıq. “Səbail” gənc heyətə malik komandadır. Onlarda məşqçi işi görünürdü”.

- İstədiyiniz “Neftçi”ni görə bildiniz?
- İlk oyunlar çətin olur. Oyundan-oyuna futbolçular optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarda istədiyimizi alırdıq, bəzilərində səhvlər olurdu. Amma getdikcə daha yaxşı olacaqş

- Hücumçu axtarışı nə yerdədir?
- Bir transfer alınmalıdır. Bütün detallar demək olar bitib. Düşünürəm ki, növbəti həftə yeni hücumçumuz bizimlə olacaq.

- Ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bununla bağlı rəhbərliklə görüşünüz olub?
- Bəli, bununla bağlı fikirlərimizi bildirdik. Tezliklə bu problem aradan qaldırılacaq. Bu arenadakı ot örtüyü hər zaman yüksək səviyyədə olur. Düşünürəm ki, gələn həftəyə hər şey yaxşı olacaq.