22:11 22-08-2020
news_image
326
FUTBOL

"Külək bizə qarşı idi..." - Visente Qomesdən məğlubiyyət şərhi

“Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı idi, bir balaca çətinlik oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının I turunda “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.

İspaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının 0:2 hesablı məğlubiyyətini şərh edib: “Müdafiə cəhətdən yaxşı işlədiyimizi düşünürəm. İkinci hissədə külək bizim lehimizə idi. Ancaq son nöqtəni qoymaqda dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalar qarşı oyunda son zərbədə dəqiqlik olmayanda rəqib səni cəzalandırır”.

- Bu mövsüm komandanızdan hansı üslubda oyun gözləyək?
- Xırda detallar olsa da, oyunda özünü büruzə verir. Daha çox pressinq etmək, topu irəlidə saxlamaq istəyirik. Uzun ötürmələrlə rəqibin boşluqlarından yararlanmaq istəyirik. Təkcə fiziki yox, mental cəhətdən də hazır olmaq lazımdır. Axıra qədər vuruşan, təslim olmayan komanda qurmaq istəyirik. Bəzən “Qarabağ” kimi komandalara qarşı top saxlamaqda sıxıntı olur. Bu tip vəziyyətə də hazır olmaq lazımdır. Daha çox top saxlayan tərəf olmaq istəyirdik. Ancaq rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də dəqiqlik lazımdır. İlk hissənin son saniyəsində buraxılan qolu saymasaq, düzgün müdafiə olunduq.

- Azərbaycan çempionatında oyunları izləyərkən hansı məqam diqqətinizi çəkir?
- Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqda kifayət qədər məlumatım yox idi. Dünən də oyunları izlədim. Daha çox bərabər səviyyədə keçən oyunlara şahid oluruq. “Qarabağ” və “Neftçi” digərlərindən üstün görünür. Digərləri isə bir-birinə yaxın, döyüşkən komandalardır.

- Əlinizdəki heyət istədiyiniz oyunu göstərmək üçün yetərlidir?
- Bura ideyalarla gəlmişəm. Çalışacağam ki, istədiyimiz üslubu yaradaq. Mənim üçün ideal fəlsəfəni tətbiq etməyə çalışıram. Oyunçuları da inkişaf etdirmək istəyirik. Hazırda bu prosesdəyik. İnanıram ki, qısa zamanda istədiklərimizi tətbiq edə biləcəyik.

- Meydana hücumçunun əvəzinə hücumçu buraxdınız. Ramil Şeydayevlə Xulio Sezar Rodrigesi eyni anda oynada bilməzdiniz?
- Bizim öz oyun quruluşumuz var. Bu, hücumda da, müdafiədə də eynidir. 4-3-3-lə başlamışdıq. Amma müdafiə olunarkən bəzən 4-4-2 sisteminə keçirdik. Hücuma keçəndə də eyni formada. İki hücumçu ilə oynamaq bir balaca çətin idi. Eyni tip hücumçulardır. 3-cü dəyişiklik də hücumu gücləndirmək üçün idi. Mənim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. Məsələn, 6 müdafiə meydana buraxırıqsa, o demək deyil ki, yaxşı müdafiə olunacağıq.

- Əsas kapitan Ruslan Abışovun durumu necədir?
- Mövsüm başlamazdan əvvəl bir sıra problemləri var idi. Hazırda da zədəli olduğu üçün oyunda iştirak edə bilmədi. Müntəzəm şəkildə məşq etdikdən sonra sıralarımıza qoşulacaq.

- Rəhbərliyin qarşınıza qoyduğu hədəflər nədir və sizin özünüzün burada hədəfləriniz nədir?
- Rəhbərliyin qarşıma qoyduğu hədəfdən başlamaq istəyirəm. Klubun əsas məqsədi avrokuboka vəsiqə qazanan yerlərdən birini tutmaqdır. Neçənci yeri tutmaq təkcə bizdən asılı deyil. Çünki digər komandalar da bunu istəyirlər. Çalışacağam əlimizdə olan materialdan yararlı şəkildə istifadə edək və öz üslubumuzu yaradaq. Oyunçuları da bu üsluba inandırmaq istəyirəm. İnanıram ki, bunu bacardıqdan sonra lazımi yerdə qərarlaşacağıq. Mən sadəcə bizdən asılı olan məsələlərə konsentrasiya olunmaq istəyirəm.