21:54 23-08-2020
news_image
133
FUTBOL

“Rəhbərliyə xahişimi çatdırmışam ki, güclənməyə ehtiyacımız var” - Elmar Baxşıyev

“Uzun müddətdən sonra futbolun qayıtması həm bizi, həm sizi sevindirir. Əlbəttə, asan olmayacağını bilirdik. Uzun müddət futbolsuz qalmışdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə oyundan (1:1) sonra mətbuat konfransında deyib. 

“Qırmızı-qaralar”ın çalışdırıcısı bildirib ki, hər məşqdə futbolçuların əvvəlki formalarına qayıtdığını hiss edir: “Çatışmazlıqlarımız olsa da, ümid edirik ki, vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik. İlk oyun həmişə çətin olur. Həm “Qəbələ”, həm də “Zirə” bu gün hücuma meylli futbol oynadı. Matçın ən ədalətli nəticəsi kimi heç-heçəni görürəm. Hər iki komandanın şansları var idi. İnanıram ki, getdikcə daha da komplektləşəcək, komanda kimi formalaşacaq və yaxşı oyun nümayiş etdirəcəyik”. 

40 yaşlı mütəxəssis heyəti gücləndirməyin vacibliyinə də diqqət çəkib: “Rəhbərliyə də xahişimi çatdırmışam ki, güclənməyə ehtiyacımız var. Qarşıdakı günlərdə yeni oyunçuların gəlməyi gündəmdədir. Hələlik gedən futbolçuların yerini doldurmaq istəyirik. İvitsa Juniç getdi və onun yerinə Yurgen Qoxa gəldi. Klesio Bauk və Fernan Lopesin yerini doldura bilməmişik. Bu yöndə işlər davam edir. Nikolas Raysel çox keyfiyyətli futbolçudur. O, hücuma meylli zonaların hər birində oynamağı bacarır. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Bugünkü matçda rəqibə uyğun sxem seçmişdik və onun hücumun arxasında oynaması lazım idi” (gabalafc.az).