10:05 24-08-2020
news_image
154
FUTBOL

“Finişdə qorxuncdurlar” – albanlar “Keşlə”dən qorxur

Avropa Liqasının I turunda “Keşlə”nin qonağı olacaq “Laçi” Azərbaycan səfərinə hazırlaşır.

Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, komandanın baş məşqçisi Armando Kunqu Bakı klubu ilə bağlı məlumat toplamağa başlayıb.

Bildirilir ki, çalışdırıcı “Keşlə”nin Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt” üzərində 1:0 hesabı ilə qalib gəldiyi oyununu izləyib. Yerli KİV-in yaydığı informasiyaya əsasən, Kunqu ən çox Yunis Hüseynovun kollektivinin son saniyəyə qədər mübarizə aparmasından çəkinir: “Baş məşqçi azərbaycanlıları keçmək üçün düzgün strategiya qurmağa çalışır. Rəqib haqqında geniş məlumat əldə etmək üçün onların “Sumqayıt”la matçını izləyib. “Keşlə”nin həmin qarşılaşmada qələbə qolunu 90+4-cü dəqiqədə vurması onların finişdə qorxunc olduqlarını göstərir. Qalib bir oyuna əsasən müəyyənləşdiyindən, “Laçi” bu amili nəzərə almalıdır. Son ana qədər diqqətli olmaq vacibdir. Çünki bir səhv baha başa gələ bilər”.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu 21:00-da başlayacaq.