15:26 24-08-2020
news_image
250
FUTBOL

“Köhnələr”lə qazanan “Neftçi, “dişsiz” “Sabah” – I tura baxış

Azərbaycan Premyer Liqasında 165 günlük həsrət, nəhayət ki, başa çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən yaranmış fasiləyə 2020/21 mövsümünün I turu ilə son qoyulub.

İlk olaraq Avropa Liqası iştirakçıları “Sumqayıt”la “Keşlə” qarşılaşıb. Yay fasiləsində “kimyaçılar”ın orta sahəsində və hücumunda edilən dəyişikliklər komandanın gücünə güc qatmayıb, əksinə, zəiflədib. “Keşlə” ilə qarşılaşma göstərdi ki, yeni transferlər məşqçilər korpusunun istəyini reallaşdırmağa hələ hazır deyillər. “Keşlə” isə heyətin özəyini qorumuş, baş məşqçi postunda dəyişiklik etmişdi. İxtiyarında daha təcrübəli futbolçular olan Yunis Hüseynov debüt matçında son dəqiqə qolu sayəsində qələbə sevinci yaşayıb. Oyunun Sumqayıtda keçirilməsinə baxmayaraq, “Keşlə” daha hazırlıqlı görünürdü. Avrokubok görüşü öncəsi yaranan vəziyyət “gənclik şəhəri” təmsilçisi ilə bağlı nikbin düşünməyə əsas vermir.

Bir çox dəyişikliklərlə yeni mövsümə başlayan “Neftçi”nin “Səbail” üzərində qələbə qazanması gözlənilən idi. Bu, hər şeydən əvvəl rəqibin xeyli zəifləməsi ilə bağlı idi. Çünki bir çox aparıcı oyunçusunu itirən Aftandil Hacıyevin əlində, demək olar ki, alternativsiz heyət var. “Neftçi”də isə yeni transferlərin çıxışı səbirsizliklə gözlənilirdi. Tallison Diaz, Sabir Buqrin, Yusuf Laval kimi yenilərin uyğunlaşma dönəmini hələ geridə qoymadıqlarını söyləmək olar. “Ağ-qaralar”ın minimal hesabla qalib gəldiyi görüşdə komandaya 3 xalı elə “köhnə” oyunçular qazandırıb. “Flaqman” uğurun davamını gətirmək üçün mütləq şəkildə yeni hücumçu transferinə ehtiyac duyur. “Səbail”də isə, demək olar ki, bütün mövqelər gücləndirilməlidir.

Mərkəzi oyun sayılan “Qarabağ” – “Sabah” matçında son çempion elə də əziyyət çəkməyib. Halbuki güclü heyətə və yeni baş məşqçiyə malik bakılıların rəqibə “dişini” göstərəcəyi proqnozlaşdırılırdı. “Sabah” yoxlama görüşlərində qələbələri sıralasa da, I turdakı performans komandanın həm taktiki, həm də fiziki planda çox geri olduğunu ortaya qoyub. Visente Qomesin əlinin altında kifayət qədər güclü və alternativli heyətin olduğunu nəzərə alsaq, paytaxt təmsilçisinin zaman keçdikcə daha yaxşı çıxış edəcəyini düşünmək olar. Ancaq bunun üçün ispaniyalı mütəxəssis müdafiə və orta sahədəki boşluqları doldurmalıdır.

Turun son matçında mövsümün ilk heç-heçəsi qeydə alınıb. Heyətini böyük ölçüdə qoruyan “Qəbələ” köklü islahatlar aparan “Zirə”dən 1 xalı çətinliklə alıb. Doğrudur, “qırmızı-qaralar” erkən qolla hesabı açan tərəf olub. Lakin ümumilikdə bakılılar daha üstün nəzərə çarpır və hücumda daha çox qol axtarışında olurdular. “Zirə”də heyətin yarıdan çoxu yeni transfer, baş məşqçisi isə klub çalışdırıcısı kimi ilk rəsmi matçına çıxan Rəşad Sadıqov idi. Bütün bunlara baxmayaraq, qəsəbə təmsilçisi rəqibindən hazırlıqlı görünürdü.

Açılış turu bir çox ilklərlə əlamətdar olub. İlk penaltini “Sumqayıt” qazansa da, Rəhim Sadıxov şansı qaçırıb. Mövsümün birinci qoluna “Keşlə”nin müdafiəçisi Azər Salahlı 90+4-cü dəqiqədə imza atıb. Bu turda 2 dubl müəllifi olub. “Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov və “Qarabağ”ın hücumçusu Mahir Emreli 2 qolla komandasına qələbə qazandırıb. İlk qırmızı vərəqə isə son görüşdə göstərilib. “Zirə”nin yarımmüdafiəçisi Hacıağa Hacılı “Qəbələ” ilə oyunun sonlarında ikinci sarı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, I turda “Keşlə” səfərdə “Sumqayıt”a (1:0), “Neftçi” evdə “Səbail”ə (2:1), “Qarabağ” “Sabah”a (2:0) qalib gəlib, “Qəbələ” – “Zirə” matçı isə bərabərə (1:1) yekunlaşıb.