16:07 25-08-2020
news_image
1108
FUTBOL

5-cı dəfə Moldova çempionuna qarşı - “Qarabağ”

Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra keçirdiyi həm çempionat, həm avrokubok görüşündə quru hesablı qələbələri sıralayan Qurban Qurbanovun yetirmələri Moldova çempionu “Şerif”i qonaq edəcək. “Sileks”i 4 cavabsız qolla darmadağın edən “Qarabağ” 3-cü raunda adlamaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda növbəti qələbəsini qazanmalıdır.

Azarkeşsiz keçiriləcək görüş ağdamlıların “Şerif”lə 5-ci matçı olacaq. 2017/18 mövsümündə Çempionlar Liqasında, bir il sonra Avropa Liqasında moldovalıları mübarizədən kənarlaşdıran təmsilçimiz üçün Tiraspol klubu münasib rəqib sayılır. Əvvəlki 4 oyundan ikisində qələbə əldə edən ağdamlılar yalnız bir dəfə uduzub.

Ardıcıl 6 mövsümdə avrokubokların qrupuna düşən “Qarabağ” bu uğura ümumilikdə yeddinci, Çempionlar Liqasında ikinci dəfə imza atmağa köklənib. Qurbanovun yetirmələri bir oyundan ibarət dueldə mütləq qalib gəlməlidir. Cavab oyunu olmayacaq duel sülhlə nəticələnsə, III təsnifat mərhələsinə vəsiqə əlavə vaxt və ya penaltilər seriyasında bəlli olacaq.

Oyun praktikası daha çox olan “Şerif” Moldova çempionatının ilk 8 turunda xal itirməyib. Çempionlar Liqasında Lüksemburq “Fola”sını iki qolla yenən tiraspollular mövsümün 9 görüşündə cəmi 1 top buraxıb. Müdafiə xətti ilə öyünən moldovalılar hücumda da 25 dəfə fərqlənməklə diqqət çəkir.

Cütün qalibi avqustun 31-də keçiriləcək III təsnifat mərhələsinin püşkatmasını gözləyəcək. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün bəlli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” qarşılaşması saat 20:00-da başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu